Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məktəblərdə şagirdlərin özbaşınalığı: “Tərbiyə məsələləri aktuallığını itirməyə meyillidir” - RƏY + VİDEO
Son günlər şagirdlərin məktəblərdə özbaşınalığını əks etdirən videolar yayılır.
Belə ki, bəzi şagirdlər dərs prosesində müəllimi saymır, sinif otağını dağıdırlar.
Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar orta məktəblərdə şagird özbaşınalığı ilə yaşanan, ardı-arası kəsilməyən qalmaqallı olaylara sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək məsələyə birtərəfli yanaşmaq baxımından ədalətsizlik olardı:
“Bu kimi hallar məktəbi məsuliyyətdən azad etməsə də, bunların baş vermə səbəbləri daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara məktəbdə, digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir.
Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir.
Mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq və nəzərə almalıyıq ki, hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bir də ki, arxasınca qaçdığımız ali təhsildən savayı, heç olmasa, orta düşüncə və ibtidai mədəniyyət olmalıdır. Yəni təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyildir”.
Psixoloq bildirib ki, bu cür uşaqlar, xüsusən yeniyetməlik vaxtında daha aqressiv, şiddətə meyilli olur:
“Dərsdən, qayda qanunlardan tez uzaqlaşırlar. Biz bunu aşağı yaşlarda dəcəllik kimi qələmə versək, göz yuma bilsək də, yeniyetməlik yaş dönəmində artıq ciddi şəkildə davranış pozuntularına keçid edir və artıq gözardı edilə bilmir, tərbiyəsizlik kimi qəbul olunur. Yeniyetməlik dövründə uşaqlarda sosial status qazanmaq arzusu hər şeyin önünə keçir. Adətən sinifdə uşaqların özünəməxsus sosial statusları olur.
Kimisi sinfin ən ağıllısı, ən çalışqanı, kimisi ən yaraşıqlısı, kimisi sinfin lideri, kimisi ən zəngin olanı, kimisi ən etibarlısı və sair. Bu cür statusları müsbət yollarla əldə edə bilməyəndə uşaqlar qısa yola qaçaraq müəllimə cavab qaytararaq, dava-dalaşa meyilli olaraq, dərsi pozaraq, tərslik nümayiş etdirərək hamının diqqətində olmağa çalışırlar. Bunun qarşılığını görüncə də daha da irəli getməkdən çəkinmirlər.
Bunu aradan qaldırmaq üçün mütləq “valideyn-şagird-müəllim” üçbucağı yaradılmalıdır. Bu, yaradılmadığı müddətcə problemi aradan qaldırmaq çətin olacaqdır. Çünki uşaq günün yarısını evdə yarısını məktəbdə olur. Bu uşaqlar xüsusilə məktəb psixoloqlarının diqqətində olmalıdırlar. Valideyn və müəllimlərlə tez-tez əlaqədə olunmalı, qoyulan qayda qanunlara eyni qədər riayət olunmasına fikir verilməli, qaydalar pozularsa eyni formada reaksiya göstərilməlidir.
Müəllimlər bəzən bu cür uşaqları ya görməzdən gəlir, “bu onsuz da belədir”, “uğursuzdur”, “oxuyan” deyil, və s. qəliblərə salır, yaxud da prinsipə durur, mübarizə aparır, bir növ savaşırlar uşaqla. Amma hər ikisi də çıxış yolu deyildir.
Çünki bu uşaqlar sabahın gəncləri və cəmiyyətin önəmli bir hissəsi olacaqlar. Kiminsə dostu, kiminsə həyat yoldaşı, kiminsə qonşusu olacaq. Eyni zamanda, sinifdə belə uşaqlar olduqca və həqiqətən bu davranışlarla diqqət çəkə bilir, müəllimin ondan ehtiyat edib uzaq gəzdiyi görülürsə, zamanla digər uşaqlara örnək olacaq və onların sayı çoxalacaqdır. Bu, kütlə psixologiyasıdır. Odur ki, ilkin siqnalları hələ uşaqlıq yaşlarından verilən belə davranışları zamanında savaşaraq yox, qarşılıqlı əməkdaşlıq edərək tənzimləmək lazımdır”.
İlhamə Əbülfət
Rəylər