"Bakı Metropoliteni" QSC aparıcı Nərmin Salmanovaya maaş məsələsində verilən vədin tutulmaması ilə bağlı səslənən iddialara cavab verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən vəzifə üzrə Bakı Metropolitenində bir sıra namizədlər müsahibəyə dəvət olunub, onlarla görüşlər keçirilib.
Məlumatda qeyd olunub ki, Bakı Metropolitenində vakant vəzifələrə işə qəbul prosesi ədalətli, şəffaf və bütün namizədlər üçün bərabər imkanlar şəraitində aparılır:
"Məlumat üçün onu bildirək ki, sözügedən vəzifə üzrə işə qəbul prosesi vakansiya tələblərinə uyğun namizəd olmaması səbəbindən hazırda dayandırılıb".
Məhərrəm Əliyev
Teleaparıcı Nərmin Salmanova "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq barədə xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə Nərmin Salmanova sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, razılaşma bəzi şərtlərin dəyişdirilməsi səbəbi ilə pozulub.
"Televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu. Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm", - deyə o qeyd edib.