Valideynlərin məsuliyyətə cəlb olunması məqsədilə həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib.
Hüquq müdafiəçisi dedi ki, valideyn məsuliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklə bağlı müzakirələr aparılıb. Nəhayət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təkliflər hazırlayıb:
“Bizim təşkilat daha çox inzibatı məsuliyyətin tərəfdarıdır. Uşaqlarını dilənməyə məcbur edən, təhsildən yayındıran, zorakılıq edən valideynlər qanun qarşısında cavab verməlidir”.
N.Quliyev qeyd etdi ki, komitənin təklifləri arasında azyaşlı övladını nəzarətsiz qoyan valideynlərin də məsuliyyətə cəlb edilməsi var:
“Araşdırmalar göstərir ki, bədbəxt hadisələr nəticəsində baş verən uşaq ölümlərinin əksəriyyəti valideyn məsuliyyətsizliyindən, nəzarətsizliyindən olub. Buna görə də yeni təkliflərdə evdə uşağını tək qoyan valideynlərlə bağlı cəza tədbirləri nəzərdə tutulub”.
QHT-lərin təklifləri sırasında valideynlərə qarşı tətbiq edilən cərimələrin artırılması da var. Hüquq müdafiəçiləri xüsusilə övladını dilənçiliyə məcbur edən valideynlərin yüksək məbləğdə cərimələnməsini təklif edirlər.