Nəriman Nərimanovun nəşinin Azərbaycana gətirilməsi məqsədəuyğundur.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib.
“Azərbaycanın bir çox görkəmli dövlət, siyasət, mədəniyyət, ədəbiyyat adamlarının məzarı xarici ölkələrdədir. Mirzə Fətəli Axundovun, Fətəli Xan Xoyskninin, Həsən bəy Ağayevin məzarı – Tiflisdə, Məhəmməd Əmin Rəsulzadənin məzarı – Ankarada, Əlimərdan bəy Topçubaşovun, habelə Toğrul Nərimanbəyovun məzarı – Parisdədir”.
Nərimanovun Moskvadakı məzarı köçürülə bilər. Moskvadakı Qızıl Meydanda, Kremlin divarları yaxınlığındakı qəbirlər Mıtışi Federal Hərbi Memorial qəbiristanlığa köçürüləcək.
Tarixçi-deputat Musa Qasımlı deyib ki, N.Nərimanov Qızıl meydanda dəfn olunmuş ilk və yeganə azərbaycanlı dövlət və siyasət adamıdır.
“Onun məzarının Azərbaycana gətirilməsinə tərəfdaram. Çünki sovet Azərbaycanın ilk baş naziri və xarici işlər naziri olub. Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yerlərdən birini tutub. Lakin Nəriman Nərimanovun həyatının son illəri Mərkəzi hökumət tərəfindən daim gözdən salınıb. Sanki Azərbaycan xalqına deyilib ki, “Sən böyük dövlət və siyasət adamı yetişdirə bilməzsən. Biz öz tariximizə sahib çıxmalıyıq və Nərimanovun məzarının Azərbaycana gətirilməsində və Fəxri Xiyabanda dəfn edilməsində heç bir qəbahət görmürəm”.