"Bu il attestasiyanın ikinci mərhələsi start götürür. Proses doqquz iqtisadi bölgəni əhatə edəcək".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov deyib.
O bildirib ki, attestasiya Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Tovuz, Dağlıq Şirvan bölgələrindən olan şəxsləri əhatə edəcək. İlin sonunda isə Naxçıvan Muxtar Respublikasında və qeyd olunan bölgələr üzrə musiqi məktəb və mərkəzlərinin müəllimləri üçün bilik səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulur:
"Ümumilikdə prosesə təxminən səkkiz min müəllim cəlb olunacaq. Onların Xoreoqrafiya Akademiyasında imtahan verməsi üçün bütün zəruri şərait yaradılıb. Attestasiya fevralın 10-dan başlayacaq".
Nazirlik rəsmisi bildirib ki, attestasiyadan keçə bilməyən müəllimlər üçün apellyasiya mexanizmi tətbiq edilməyəcək:
"Lakin komissiya üzvlərinin səsverməsi zamanı üç üzv əleyhinə, iki üzv lehinə səs verdikdə, həmin müəllimlər təlim proqramlarına cəlb olunurlar. Birinci mərhələdə bu cür hallar qeydə alınıb. Təlimləri uğurla başa vuran iştirakçılar daha sonra DİM tərəfindən keçirilən test mərhələsində iştirak edirlər və nəticələrə əsasən müsabiqə yolu ilə işə qəbul olunublar. Ötən il 234 müəllim təlimlərə cəlb edilib, onlardan 118-i test mərhələsində iştirak hüququ qazanıb".
Məlik Məlikov