"Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü, Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıq verməsi səhiyyə sistemində insan kapitalına önəmin növbəti mühüm göstəricisidir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, burada məsələyə yalnız əməkhaqqının artırılması kimi yanaşmaq düzgün olmazdı:
"Söhbət bütövlükdə tibb işçisinin əməyinin qiymətləndirilməsindən, peşənin nüfuzunun yüksəldilməsindən və səhiyyədə aparılan islahatların sosial dayağının gücləndirilməsindən gedir. Səhiyyə sistemində nə qədər müasir infrastruktur yaradılsa, yeni xəstəxanalar tikilsə və yüksək texnologiyalar tətbiq olunsa da, tibbi xidmətin keyfiyyətini son nəticədə həkim, tibb bacısı və digər tibb işçiləri müəyyən edir. Buna görə də onların sosial rifahının yaxşılaşdırılması eyni zamanda tibbi xidmətin keyfiyyətinə qoyulan sərmayədir.
Əməkhaqlarının artırılmasının bir neçə istiqamətdə müsbət nəticə verəcəyini gözləmək olar. İlk növbədə tibb işçilərinin sosial müdafiəsi güclənəcək və onların peşə motivasiyası yüksələcək. Digər tərəfdən dövlət səhiyyə müəssisələrinin peşəkar kadrlar üçün cəlbediciliyinin artması, ixtisaslı mütəxəssislərin sistemdə saxlanılması və regionlarda mövcud olan bəzi kadr çatışmazlıqlarının mərhələli şəkildə aradan qaldırılması üçün əlavə imkan yaranacaq.
Lakin növbəti mərhələdə əməkhaqqı siyasətinin tibbi xidmətin keyfiyyət göstəriciləri ilə daha sıx əlaqələndirilməsi də mühüm istiqamət olmalıdır. İşin həcmi ilə yanaşı, nəticə, xidmətin keyfiyyəti, pasiyent təhlükəsizliyi, peşəkarlıq və davamlı tibbi təhsil kimi meyarların stimullaşdırıcı mexanizmlərdə nəzərə alınması səhiyyədə keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər".
Deputatın sözlərinə görə, Azərbaycan səhiyyəsi artıq yalnız infrastrukturun yenilənməsi mərhələsində deyil:
"İcbari tibbi sığortanın tətbiqi ilə sistemin maliyyələşdirilməsi və tibbi xidmətlərin təşkili baxımından yeni model formalaşıb. Qarşıdakı əsas vəzifə bu modelin keyfiyyət baxımından təkmilləşdirilməsidir. Buraya ilkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslı tibbi xidmətə əlçatanlığın artırılması, rəqəmsal səhiyyənin genişləndirilməsi, vahid elektron tibbi məlumat sistemlərinin inkişaf etdirilməsi, profilaktik təbabətə daha böyük diqqət ayrılması və insan resurslarının düzgün idarə olunması daxildir.
Xüsusilə səhiyyədə insan kapitalının inkişafı növbəti islahat mərhələsinin əsas istiqamətlərindən biri olmalıdır. Tibb işçisinin əməkhaqqının artırılması davamlı tibbi təhsil, peşəkar inkişaf, şəffaf karyera modeli və fəaliyyətin obyektiv qiymətləndirilməsi ilə tamamlandıqda daha böyük nəticə verəcək.
Son məqsəd vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətinin yüksəlməsidir. Tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi isə bu məqsədə çatmağın əsas şərtlərindən biridir. Mehriban xanım Əliyevanın təşəbbüsünü və Prezident İlham Əliyevin bununla bağlı verdiyi tapşırığı məhz bu baxımdan həm mühüm sosial qərar, həm də səhiyyə sisteminin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirirəm".