Misirin şərq hissəsindəki Dahab - Nüveybə avtomobil yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
Oxu.Az-ın AFP agentliyinə istinadən verdiyi məlumata görə, baş vermiş qəza nəticəsində azı 16 nəfər həyatını itirib, daha 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə çərşənbə günü turistlərin tez-tez ziyarət etdiyi Qırmızı dəniz sahilində, Cənubi Sinay əyalətində baş verib. Qəza yerinə dərhal 20 təcili tibbi yardım avtomobili cəlb edilib. Faciənin baş verdiyi ərazi daha çox sualtı üzgüçülər arasında populyardır.
Yerli rəsmi orqanlar tərəfindən həyatını itirən şəxslərin hansı ölkələrin vətəndaşları olması barədə hələ ki heç bir məlumat verilməyib.