Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə keçirilən və iki gün davam edən festivalın “Akademiya şəhərciyi”ndə, AMEA-nın əsas binasında bu gün sonuncu günü baş tutub.
Oxu.Az xəbər verir ki, festivalın ikinci gününün proqramına ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr və əyləncəli elmi şouların nümayişi daxil olub.
Ötən gün festivalda təqdimatı olmuş “National Geographic Azərbaycan” jurnalının baş redaktoru Seymur Teymurov dərgi barəsində tədbir iştirakçılarına geniş və maraqlı məlumat verib. O, çıxışında bunları vurğulayıb:
“Jurnal 1888-сi ildən nəşr olunur. Bu ilin sentyabr ayından isə ilk dəfə olaraq “National Geographic Azərbaycan” dərc olunmağa başlayıb. Jurnalın missiyası insanları dünyanın qayğısına qalmağa ilhamlandırmaqdır. Dərginin tarixində indiyədək heç bir ölkə yerli üz qabığı ilə işıqlandırılmayıb. Bu, ilk dəfə Azərbaycanda oldu. Dərginin ilk - sentyabr buraxılışında dünyaca məşhur fotojurnalist, “Emmy” mükafatçısı Rza Diqqətinin çəkdiyi rəsm yer alıb. İkinci, oktyabr buraxılışında isə jurnalda Yer kürəsindən kənarda həyat axtarışı, nüvə turisti, Frans İosif torpağından məlumatlar və s. yer alıb. Dərginin üçüncü, noyabr buraxılışında isə gerçək zombilər, bərbər makakaları, ağ-qara Bakı və s. mövzuda maraqlı yazılar dərc olunub”.
Sonda tədbir iştirakçılarına “National Geographic Azərbaycan” dərgisi paylanılıb.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az