"Bölgələrdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu il bölgələrdə yeni liseylər yaradılacaq:
"Azərbaycanda təxminən 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir.
Bizim elə bölgələrimiz var ki, tarix boyu orada lisey olmayıb. Biz çalışırıq xüsusilə həmin regionlarda lisey və gimnaziyalar olsun".
Nazirin sözlərinə görə, fizika, riyaziyyat, informatika, həmçinin kimya və biologiya təmayüllü lisey modelləri özünü kifayət qədər doğruldub:
"Sumqayıt və Mingəçevirdə spesifik məktəblər var ki, onlar istedadlı uşaqlarla işləməkdə ixtisaslaşıblar. Bu məktəblərdə məzmunu bir az da dərinləşdirməliyik. Çünki istedadlı uşaqları ali təhsil müəssisələrinə qəbul imtahanları çərçivəsində məhdudlaşdırmamalıyıq. Onların hər birinin potensialı daha çox elmi yük götürməyə qadirdir".
O, həmçinin vurğulayıb ki, ənənəvi olaraq özünü doğruldan məktəblərdən biri Sumqayıt şəhərində olan Təbiət Elmləri Təmayüllü Gimnaziyadır.
Nazir əlavə edib ki, Oğuz, Şəki, Gəncə və Lənkəranda olduğu kimi, bu il Beyləqan rayonunda da yeni lisey yaradılacaq.
Aygün Mirakif