Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazir koronavirusla bağlı tibbi tullantıların məhv edilməsindən danışdı - VİDEO
“Mart ayından bugünədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxanalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
O qeyd edib ki, AQTA tərəfindən cənub zonasında 13 nöqtədə 150 kubmetr, ETSN tərəfindən 37 nöqtədə 2 054 kubmetr tibbi tullantı zərərsizləşdirilib:
“Bu zaman əmələ gəlmiş təqribən 40 kubmetr kül tullantısı daşınaraq, Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər hazırda davam etdirilir”.
Nazirin sözlərinə görə, pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir:
“Bu baxımdan, nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub. Ölkədə həyata keçirilən təxirəsalınmaz tədbirlərin tərkib hissəsi kimi Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, nazirlik təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir.
Qurum həmçini həmin tullantıların utilizasiyasını təşkil edir. Hazırda bu işlər TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir.
Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd - A, B, C və D sinifinə bölünür. B və C sinifinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb”.
“Hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək, nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır (B sinifinə aid təhlükəli tullantılar sarı, C sinifinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır). Tullantılar xüsusi avtomaşınlarla daşınaraq, müvafiq qurğularda termik üsulla 800-1200 dərəcə temperaturda zərərsizləşdirilir”.
İlhamə Əbülfət
Rəylər