"İqlim böhranı, iqlim dəyişikliyi və biomüxtəlifliyin itməsi şəhərlərin və icmaların dayanıqlı inkişafı və davamlılığı üçün yeni bir sistem yaradılmasını zəruri edir".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib:
"Bir çox şəhərlərdə iqlim dəyişikliyi ekosistemləri yaşayış, müşahidə və davamlılıq üçün uyğun formaya malik deyil. Azərbaycan da müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib. Şəhərlərdə iqlim dəyişikliyi ilə əlaqəli risk və fəlakətlərə qarşı dayanıqlı bina və infrastrukturun qurulması olduqca vacibdir. İstilik dalğaları, daşqınlar və digər təhlükələr ciddi problemlər yaradır. Etibarlı, əlçatan və vaxtında xəbərdarlıq və hesabat sistemləri təbii fəlakətlər zamanı insan itkilərini əhəmiyyətli dərəcədə azalda bilər. Təbii fəlakətlər üçün təhlükəsiz xəbərdarlıq və proqnozlaşdırma sistemləri seçim deyil, həyat xilas edən investisiyalardır".