İkinci Qarabağ müharibəsindən sonra Vətən uğrunda canını fəda edən şəhid və qazilərimizin ailə üzvlərinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Müharibə qurbanlarının ailələrinin və yaralı hərbçilərimizin bütün sosial ehtiyacları qarşılanır.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Oxu.Az-ın suallarını cavablandırıb.
-Hidayət müəllim, 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri, müharibədə yaralanmış hərbçilərimizlə bağlı hansı dəstək işləri aparılır?
- Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün səyləri Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, müharibədə yaralanmış hərbçilərimizin sosial dəstəklə əhatə olunmasına səfərbər edilib. Bu sahədə konkret istiqamətləri əhatə edən plan üzrə işlər görülür.
Nazirliyin əməkdaşları ilk növbədə hər bir şəhid ailəsi, yaralanmış hərbçi ilə elə öz ünvanlarında görüşürlər. Onların sosial ehtiyacları öyrənilir və bu yöndə dəstək işləri aparılır.
İlk növbədə şəhid ailələri və müharibə iştirakçılarının sosial təminat hüquqlarının daha çevik şəkildə reallaşdırılması təmin edilir. Bir çox sosial təminat növlərinin təyinatı üzrə proaktiv xidmətlərimiz var, onlar avtomatik təyin edilir.

Şəhid ailələrinin sənədləri toplayıb təqdim etmələrinə ehtiyac qalmadan bu sənədlər müvafiq qurumlardan alınır, Prezidentin aylıq təqaüdlərinin, pensiya və ya müavinətlərinin təyinatları aparılır. Son bir neçə gündə şəhid ailələrinin üzvlərindən artıq 1200-ə qədərinə pensiya, müavinət və təqaüdlər təyin edilib. Proses davam edir.
Eyni zamanda, onların ailə vəziyyətləri uyğun olduqda ünvanlı yardımla əhatə olunmalarına, məşğulluq məsələlərinin operativ həllinə çalışırıq. Növbədənkənar olaraq özünüməşğulluq proqramı çərçivəsində öz kiçik bizneslərini qurmaları üçün işlər görürük.
Hər gün biz bir qrup şəhid ailəsini, müharibə əlilinin, müharibədə yaralanmış şəxsin ailəsini kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin edirik. Bu tədbirlər erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrini, həmin terror nəticəsində ev və təsərrüfatları dağılmış insanları da əhatə edir.
Bununla bərabər, müharibədə yaralanmış hərbçilərin əlilliyinin müvafiq qaydada və daha operativ mexanizm əsasında qiymətləndirilməsi aparılmaqdadır. Əlillik dərəcələri təyin olunan şəxslər dövlətin aylıq sosial ödənişləri ilə təmin olunacaq və digər sosial proqramlarla əhatə olunacaqlar.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi də şəhid ailələri ilə, erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə, müharibə zamanı itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, ehtiyac duyduqları psixoloji xidmətləri göstərir. Agentliyin bu yöndə “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) də fəaliyyətdədir.
Digər tərəfdən, bildiyiniz kimi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün növbəlilik qaydasında mənzillə və fərdi evlə təminat proqramları var.
Lakin Vətən müharibəsində şəhid olanların ailələri, müharibədə yaralanmış vətəndaşlarla ünvanlarında görüşlər zamanı elə hallar olur ki, ailənin ev şəraitinin ağır, dözülməz olduğu ilə rastlaşırıq.
Belə hallarda da sosial tərəfdaşların dəstəyi ilə bu ehtiyacları aradan qaldırmağa çalışırıq. Sosial tərəfdaşlarımıza da minnətdarıq ki, bu məsələlərin həllində həmişə öz dəstəklərini verirlər.
- Ümumilikdə bu gün şəhid ailələri, müharibədə sağlamlığını itirmiş vətəndaşlar üçün hansı sosial müdafiə proqramları icra olunur?
- İlk növbədə aidiyyəti qurum tərəfindən şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat), müharibə əlillərinə, o cümlədən I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir.

Həmçinin, şəhid ailəsi üzvləri və müharibə əlilləri aylıq sosial ödəniş olaraq, Prezidentin təqaüdü və bununla yanaşı müavinət və ya pensiya formasında orta hesabla 700 manatlıq bir ödənişlə təmin edilir.
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı mühüm proqramlardan biridir. Bu günə qədər artıq 9000-ə yaxın mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, 7000-dən çox avtomobil müharibə əlillərinə təqdim edilib. Bu istiqamətlərdə işlər ildən-ilə genişlənir.
Əgər şəhid ailələrinin üzvləri, müharibə əlillərinin övladları və özləri ödənişli təhsil alırlarsa, bu zaman onların təhsil haqqı dövlət hesabına ödənilir. Onların protez və reabilitasiya vasitələri, sanator-kurort yollayışları ilə təminatı sahəsində də işlər aparılır.
Digər tərəfdən, bizim bütün aktiv məşğulluq proqramlarında, (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) iştirak baxımından üstünlük verilən əsas kateqoriyalar da şəhid ailəsi üzvləri və müharibə əlilləridir. Əmək və məşğulluq, eləcə də vergi qanunvericiliklərində də onlar üçün bir çox güzəştlər mövcuddur.
- Yeni yaranan YAŞAT Fondu da bu sahədə öz rolunu oynayacaq...
- Tamamilə doğrudur. Şəhid ailələri və müharibə əlilləri üçün geniş tədbirləri əhatə edən sosial müdafiə sistemi fəaliyyət göstərir. Dövlət bu vətəndaşların rifahı üçün hər şeyi edir. Eyni zamanda, bildiyimiz kimi, müharibə dövründə xalqımız sarsılmaz birlik və həmrəylik göstərdi, Ordumuza fəal, güclü dəstək verdi.

Bu gün də müşahidə edirik ki, cəmiyyətimiz şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasında xeyirxahlıq, humanizm prinsiplərindən yardım göstərilməsində güclü həmrəylik göstərir.
Bu amil də nəzərə alınaraq Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. Həmin Fond ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması sahəsində dövlətin tədbirlərinə əlavə dəstək verəcək.
Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Biz də nazirlik olaraq, agentliklə birgə, Fondun dəstək tədbirlərinin qeyd olunan şəxslərin və ailələrin sosial müdafiəsi sahəsində dövlət tədbirləri ilə uzlaşdırılmasını təmin edəcəyik.
Bunun üçün iki qurum arasında informasiya mübadiləsi, müvafiq informasiya sistemlərinin inteqrasiyası da təmin olunacaq.
Müharibədə yaralanmış hərbçilərin reabilitasiyası ilə bağlı Nazirlik hansı işləri aparacaq?
- Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müasir tələblərə uyğun reabilitasiya sistemi qurulub, təkcə ötən il və bu il yeddi reabilitasiya müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
- Onlardan eləsi var ki, 200-dək çarpayı sayı var və ildə 4500-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərməyə imkan verir. İlin sonuna qədər daha iki reabilitasiya müəssisəsi də açılacaq.
Onlardan Şağan Müalicə Pansionatı da 250 çarpayılıqdır və il ərzində 7 mindən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərməyə imkan verir.
Göründüyü kimi, ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanmış qəhrəman insanlarımızın müalicə tədbirlərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir tələblərə uyğun və geniş imkanları olan reabilitasiya sistemi mövcuddur.
İlhamə Əbülfət