Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir sıra yerli saytlarda “Azərbaycan Facebook-da saxta səhifələrlə mübarizəyə başlayır” başlıqlı dərc olunan məlumata münasibət bildirib.
Oxu.Az xəbər verir ki, nazirlikdən APA-Economics-ə bildirilənə görə, bu, təhrif olunmuş məlumatdır:
“Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur.
Elektron Təhlükəsizlik Mərkəzi mütəmadi olaraq informasiya təhlükəsizliyi sahəsi ilə bağlı cəmiyyətdə maarifləndirmə işlərini həyata keçirir. Bu baxımdan Mərkəz zamanla Facebook, YouTube və s. kimi şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsi ilə bağlı əhalini maarifləndirmək məqsədilə müxtəlif buklet və broşürlər, məlumat kitabçalarının hazırlanıb paylanmasını reallaşdırır və gələcəkdə də bu prosesi davam etdirməyi planlaşdırır.
Bu kitabçaların bəzi media orqanlarında “nəzarət sənədi” olaraq təqdim olunması qətiyyən düzgün deyil və məlumatın təhrif olunaraq cəmiyyətdə çaşqınlıq yaradılmasıdır”.