Bu il Azərbaycanda son 10 ilin ən böyük Mərakeş çəyirtkəsi artımı müşahidə olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Sosium” verilişinin qonağı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzin rəisi Camal Quliyevin bildirdiyinə görə, kütləvi artımın baş verməsinə baxmayaraq, bu il vaxtında görülən tədbirlər nəticəsində ciddi təhlükə gözlənilmir.
Mütəxəssis deyib ki, çəyirtkə qışlaqları ümumilikdə Azərbaycanda 34 rayonun ərazisinə düşür:
“İndiki vaxtda onlar uça bilmir. Biz onları uçmağa başlamazdan əvvəl məhv etməyə çalışırıq. Tam əminliklə deyirəm ki, kənd təsərrüfatına ziyan dəyməyəcək”.
Bu gün çəyirtkələrin çoxluğu sarıdan ən təhlükəli ərazilərin Biləsuvar, Saatlı və Hacıqabul rayonları olduğunu deyən Camal Quliyev mətbuatda çəyirtkələrin əkin sahələrinə hücum ilə bağlı gedən xəbərlərə də münasibət bildirib:
“Bu çəyirtkələr dövlət fondu torpaqlarında sürfə salıb, orada çoxalırlar, yəni əkin olmayan boş sahələrə, tam formalaşandan sonra əkin sahələrinə uçurlar. Amma indi həmin yaş dövründə deyillər. Ona görə də biz çalışırıq ki, indidən ziyanvericiləri məhv edək ki, gələcəkdə əkin sahələrinə ziyan dəyməsin”.
İşğal olunmuş rayonlardan da kütləvi şəkildə çəyirtkə hücumlarının olduğunu deyən Camal Quliyev ümumiyyətlə, sərhəd ölkələrdən Azərbaycana belə axınların tez-tez qeydə alındığını bildirib:
“Çəyirtkələr əsasən işğal altında olan Dağlıq Qarabağ ərazisindən gəlirlər. Daha çox Ağdam və Tərtər rayonları bu hücumlara məruz qalır. Amma biz çalışırıq ki, sərhəd boyu dərmanlama işlərini aparmaqla onları geri qaytaraq. Əvvəllər Gürcüstandan da tez-tez belə axın baş verirdi. Amma son illər Gürcüstan ərazisində də mütəşəkkil tədbirlər görülür. Son iki ildə İran ərazisindən də Azərbaycana xeyli çəyirtkə axını var”.