Nigar Fərhadın rəhbəri olduğu "AID Group" xaricdə təhsil şirkəti ilə bağlı dələduzluq iddiası var.
Şikayətçi Əbdülhəmid Xəlilov Oxu.Az-a açıqlamasında bildirib ki, dostu Rəvan İbrahimi ilə birlikdə Kanadada təhsil almaq məqsədilə şirkətə ümumilikdə 8 500 manat ödəyiblər, lakin nə vəd olunan xidmətlər göstərilib, nə də ödədikləri vəsait geri qaytarılıb.

Ə.Xəlilovun sözlərinə görə, 2025-ci il sentyabrın 10-da dostu ilə birlikdə metronun "Nizami" stansiyası yaxınlığında yerləşən "AID Group" şirkətinin ofisinə müraciət ediblər.
"Orada Nigar Fərhad özü bizimlə görüşüb bildirdi ki, Kanadada magistratura oxuyaraq həm təhsil alacağıq, həm yataqxana ilə təmin olunacağıq, həm də iş icazəmiz olacaq. Bunlarla yanaşı, bir neçə aydan sonra təhsil haqqından da azad olunacağımızın vədini verdi.
Lakin Kanadaya getmək üçün viza alınmalı olduğunu, əgər viza verilməsə belə, pulumuzun 100 faizini geri qaytaracaqlarını söylədi. Həmin gün saat altıya qədər ümumilikdə adambaşı 4 250 manat ödəniş etməli olduğumuzu, etməsək, altı ay sonraya qalacağını bildirdi. Dərhal evə gedib ümumilikdə 8 500 manat pul gətirib verdik. Bu ödənişə görə bizə qəbz təqdim edildi və müqavilə bağlandı", - deyə şikayətçi bildirib.
O qeyd edib ki, müqavilədə xaricdə təhsil üçün tələb olunan sənədlərlə bağlı bənd də yer alıb:
"Müqavilədə "lazım olan sənədləri sizdən istədikdə gətirin" bəndi qeyd olunmuşdu. Biz Nigar Fərhadla danışanda söylədik ki, xaricdə təhsil üçün dil sertifikatı lazımdırmı? O isə "yox, lazım deyil" cavabını verdi. Müqavilə bağlayandan iki həftə sonra yenidən şirkətə yaxınlaşanda: "Siz IELTS almalısınız. Əgər gətirməsəniz, müqaviləniz pozulacaq və ödənişiniz geri qaytarılmayacaq", - dedilər".
Şikayətçinin sözlərinə görə, bundan sonra IELTS imtahanına hazırlaşmağa başlayıb, lakin şirkətlə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.
"Mən IELTS-ə hazırlaşıb imtahan verməyə hazırlaşanda "AID Group"la əlaqə saxlamağa başladım, amma mənə heç bir sosial şəbəkədən cavab vermirdilər. Şirkətə yaxınlaşanda köçdüklərini gördüm, soruşdum ki, nə baş verir? Bildirdilər ki, şirkətdə təmir işləri aparılacaq. Bir qədər keçəndən sonra xəbər tutdum ki, ofislərini bağlayıb, çıxıblar. Bizim nə pulumuz qayıtdı, nə də universitetə qəbul ola bildik. Ümumiyyətlə, adımızdan universitetə müraciət belə etməyiblər", - deyə şikayətçi bildirib.
Oxu.Az-a təqdim olunan sənədlər arasında "AID Language Center" MMC ilə bağlanmış müqavilənin surəti və 4 250 manatlıq ödəniş qəbzi də var.
Müqavilənin "Tərəflərin öhdəlikləri və hüquqları" bölməsində "İcraçı"nın sifarişçinin xarici ölkədə yerləşən kollec və universitetlərdə təhsil proqramının seçilməsi, təhsil alınan ölkədə təhsil müddətində yataqxana məsələləri ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi, müvafiq təhsil proqramına müraciətin həyata keçirilməsi və təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi üzrə xidmətləri həyata keçirməsi nəzərdə tutulur.
Sənəddə, həmçinin sifarişin bir il müddətində yerinə yetirilməsi ilə bağlı müddəa yer alır.
Ə.Xəlilov daha bir iddia da səsləndirib. Onun sözlərinə görə, "AID Group"un fəaliyyətindən narazı olan şəxslərin sayı çoxdur.
"Zərərçəkənlərdən on-on beş nəfərə: "Ya ödənişinizin bir qismini qaytarırıq, ya da heç birini", - deyərək onların pulunun bir hissəsini qaytarıblar. Lakin onlara "dəymiş zərər tam ödənilib" yazılı sənədi imzaladıblar. Ümumilikdə yüzdən çox şikayətçi var. Nigar azadlıqdadır. Dostu onun adından problemləri həll edir. Nigar Fərhad ona pul verir, o isə zərərçəkmişlərin pullarının bir azını ödəyərək şikayətçi sayını azaltmağa çalışır", - deyə şikayətçi iddia edib.
Qeyd edək ki, "AID Group" şirkətinin fəaliyyəti ilə bağlı Oxu.Az-a daha əvvəl də vətəndaşlar tərəfindən şikayətlər daxil olub.
Məsələ ilə bağlı Nigar Fərhadın vəkilinə sorğu ünvanlanıb.
Şikayətçinin təqdim etdiyi sənədlər və fotolar: