ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi İrana qarşı misligörünməmiş iqtisadi müharibəyə və təcridə başlayır. Ağ Ev lideri deyib ki, İran onun verdiyi fürsətlərdən yararlana bilməyib. Əlavə də edib ki, indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edir. Bu, misligörünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, ABŞ təkcə İrana yox, onunla əməkdaşlıq edən ölkə və şirkətlərə sanksiya tətbiq edə bilər.

Onun sözlərinə görə, burada əsas məsələlərdən biri də nəqliyyat-tranzit dəhlizləridir:
"ABŞ-nin sanksiyaları təkcə İrana yox, onunla əməkdaşlıq edən ölkələrə də təsir edə bilər. Əgər belə olacaqsa, o zaman İranın qonşuları da əziyyət çəkəcəklər. Çünki burada əsas məqsəd rəsmi Tehranı təcrid etməkdir. Düzdür, sözügedən addım atılacağı təqdirdə ABŞ obyektiv olaraq problemlərlə üzləşəcək. Çünki İrana qonşu olan, həmçinin əlaqəli dövlətlər rəsmi Vaşinqtona etirazlarını bildirəcəklər".
İqtisadçı Xalid Kərimli də Oxu.Az-a açıqlamasında bildirib ki, sanksiyalar İranın idxal-ixrac sisteminə təsir edə bilər.

"Düzdür, bu sanksiyalar paketinin tam tərkibinə baxmaq lazımdır. Ehtimal edirəm ki, sanksiyaların bir hissəsi bank əməliyyatlarına təsir edəcək. Məqsəd İranı "boğmaq" olacaq. Məqsəd İranı təcrid etməkdir. Sanksiyalar İrandan məhsul alan ölkələrin bu addımının qarşısını almaq üçündür. Hər halda, sanksiyalar paketi tam elan edildikdən sonra bunun İrana necə təsir edəcəyindən danışmaq olar", - iqtisadçı deyib.