Oğuz rayonunda “Azərişıq” ASC-nin elektrik yarımstansiyasında yanğın olub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saat 08:00 radələrində rayonun Calut kəndi ərazisində baş verib.
İlkin məlumata görə, ərazidə yerləşən 135 kV-luq paylayıcı qurğuda naqillərin sürtünməsi səbəbindən yanğın baş verib.
Hadisə zamanı işçilər arasında xəsarət alan olmayıb.
Yanğın qısa zamanda Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xidməti tərəfindən söndürülüb. Yaxınlıqdakı ərazilər mühafizə edilib.
Calut kənd sakinlərinin sözlərinə görə, yanğın zamanı ətraf kəndlərdə elektrik enerjisinin verilişində problem yaranmayıb, enerjinin verilişi digər paylayıcı qurğular vasitəsilə təmin edilib.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən aldığımız məlumata görə, hadisə əvvəlcədən təmirə ayrılmış yarımsatnsiyanın bir hissəsində baş verib:
“Qısa zamanda yanğının qarşısı alınıb. Elektrik enerjisinin verilişində problem olmayıb”.

Könül Cəfərli