“Yeni Müsavat” saytının cəbhə bölgəsi və Müdafiə Nazirliyindəki mötəbər qaynaqlardan əldə etdiyi məlumatlarda iddia olunur ki, Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər.
Qaynağımızdan biri Silahlı Qüvvələrin 4-5 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq, belə ifadə edib: “Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi”...
Qəzet yazır ki, bu qəbildən olan məlumatda daha böyük iddialar var:
“Lakin onları dəqiqləşdirmək imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq. Hazırda Müdafiə Nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə net hələlik heç bir açıqlama vermirlər. Onlardan biri isə özünün Facebook səhifəsində bunları yazıb: “Yovşan etri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Her şey əla olacaq!”
Hər şey əla olmadan bir an öncə onun xəbərini vermək missiyası daşıyan Musavat.com bildirir ki, cəbhə xəttindəki gəlişmələrdən əlavə bilgilər veriləcək”.
Azərbaycanın Müdafiə Nazirliyi isə bu xəbəri nə təsdiq, nə də təkzib edib.
Azərbaycanın Müdafiə Nazirliyindən məsələ ilə bağlı Milli.Az-a bildiriblər ki, əgər belə bir şey olsa, bu, rəsmi olaraq Müdafiə Nazirliyinin saytında yerləşdiriləcək:
“Vətəndaşlar ancaq rəsmi məlumatı gözləsinlər”.