Dünən özünü binanın eyvanından atmaq istəyən şəxs barədə mediada məlumat verilib.
Oxu.Az xəbər verir ki, hadisədən sonra Milli.Az saytının əməkdaşı özünü öldürmək istəyən 33 yaşlı Amil Vəzirovun evində olaraq onunla söhbətləşib.
“Neçə ildir mənə şəxsiyyət vəsiqəsi verilmir. Qızımın 8 yaşı var, amma şəxsiyyət vəsiqəsi olmadığından məktəbə gedə bilmir”, - deyə A.Vəzirov söhbətə başlayır:
“Vətəndaşlıq verilmir mənə. Övladlarım sənədsiz qalıb, atalıq hüququ verə bilmirəm. Həbsdə olanda oğlumu bir təhər orta məktəbə düzəldiblər. Ancaq qızım sənədsizlik ucbatından təhsilsiz qalıb”.
A.Vəzirov deyir ki, bir neçə gün əvvəl vətəndaşlıq verilməməsinə etiraz olaraq damarlarını da doğrayıb. Heç bir tədbir görülmədiyindən dünən özünü 9-cu mərtəbədən atmaq qərarına gəlib. Dəfələrlə Xətai rayon Polis İdarəsinə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etsə də, vətəndaşlığı olmadığından verilməyib. Əgər vəsiqə vermirlərsə, deportasiya etsinlər.
Qeyd edək ki, A.Vəzirov dünən yaşadığı Xətai rayonu Məhəmməd Hadi küçəsi 21, mənzil 95-in eyvanına çıxaraq özünü aşağı atacağını bildirib. Əraziyə polis əməkdaşları gələrək onu sakitləşdiriblər və fikrindən danşındırıblar.





www.oxu.az