Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib.
Bu barədə Oxu.Az-a DSMF-dan bildirilib.
Fond bildirib ki, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.
Qeyd edək ki, iyulun 1-ə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 293,060 min nəfər təşkil edir.
Xatırladaq ki, onların 60,4%-ini yaşa görə, 28,6%-ini əlilliyə görə, 11%-ini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
Ülviyyə R. Əli
www.oxu.az