Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tovuzda körpəsini günlərlə ac qoyduğu deyilən qadın: "Zəng gəldi ki, uşaq xəstəxanadadır"
Tovuzda körpəsini uzun müddət evdə nəzarətsiz qoyan Göygöl rayon sakini, 39 yaşlı Aygün Qədimova Baku TV-yə açıqlamasında barəsindəki iddiaları təkzib edib:
"Martın 17-si saat 11:00 radələrində uşağı yedirib, içirib evdən çıxmışdım. Axşam saatlarında zəng gəldi ki, uşaq xəstəxanadadır".
Ətraflı - videosüjetdə:

"Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində uşağını üç gün nəzarətsiz evdə qoyan ana ona sahib çıxmaq istəmir".
Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu deyib.
O bildirib ki, azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək:
"Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb. Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.
Həmin körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tovuz Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin (DİN) rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.
Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O, bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək".
"Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində körpəni üç gün nəzarətsiz qoyan qadına uşaq verilməyib. Hazırda xəstəxanadadır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, qanunvericiliyə görə, uşaq təhlükəli vəziyyətdə qalıbsa, o, müəssisəyə yerləşdirilməli, valideyninin hüquqları isə məhdudlaşdırılmalıdır:
"Gecə neçə yüz nəfər bununla bağlı məlumat göndərib ki, uşaq anaya necə verilə bilər? Dərhal bu məsələni sözügedən aidiyyəti qurumların olduğu qrupda müzakirəyə çıxardım. Mən inanmıram ki, hansısa məmur belə bir şey etsin. Uşaq anaya verilə bilməz. Çünki təhdiqat var idi. Polisin tədqiqat apardığı zaman ananın görüntüləri var idi. Ana uşağını qoyub getdiyini deyir. Ananın vəziyyətini də həmin görüntüdə görmüşük. Bunlar mətbuat üçün uyğun olmadığına görə açıqlana bilməz".
Onun sözlərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Sosial Xidmətlər Agentliyi uşağın Bakıya gətirilməsi istiqamətində iş aparırlar:
"Uşaq Bakıda xəstəxanaya yerləşdiriləcək. Bundan sonra hansı müəssisəyə yerləşdirilməsi ilə bağlı qərar veriləcək. Qrupda da mən öz fikrimi bildirmişəm. Mən uşağı bayram günlərini nəzərə alaraq, uşağın kimliyini təsdiq edən sənədinin olmamasına baxmayaraq, öhdəliyimə düşən işi görməyə hazıram. Uşağı qısamüddətli sığınacağa yerləşdirib, növbəti mərhələyə - uşağın transfer olunmasına qədər nə lazımdırsa, etməyi öhdəmə götürmüşəm".
Sədr qeyd edib ki, körpə ac qalıb:
"Uşağın baxımsızlıq səbəbindən səhhətinin zəifləməsi, inkişafdan geri qalması göz qabağındadır. Körpə bərbad durumdadır. Acından ölməklə döyülmək arasında heç bir fərq yoxdur. Şiddət görməsə də, o uşaq ac qalıb. Bu istiqamətdə də iş aparacağıq".
K.Ağazadə bildirib ki, ananın hazırkı yaşam tərzi uşaq saxlamağa imkan vermir:
"Ananın psixoloji problemi yoxdur. Sadəcə, həyat tərzi uşağa baxmağa imkan vermir. Həyat tərzi bərbaddır. Onun körpədən başqa da bir övladı var. Ona da kənarda baxılır. İlkin təəssürat mənə onu deyir ki, o qadın heç bir uşağa baxa bilməz. Ana hər hansı yerə getməyə üstünlük verir. Adını da qoyur ki, filankəsə borcum var idi, onu almağa getmişəm. Deyir ki, ikisaatlıq qoyub gedib. 1 yaş 2 aylıq uşağı tək qoyub, hara getmək olar? Uşaq uzun müddət anasız qalıb. Bunu ona ev kirayə verən qadın görüb, polisə məlumat verib".
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda körpənin müalicələri davam etdirilir:
"Martın 17-də saat 21:20-də 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik diaqnozu qoyulub. Azyaşlıya lazımi tibbi xidmətlər göstərildikdən sonra martın 19-da saat 13:30-da Tovuz Rayon Mərkəzi Xəstəxananın Pediatriya şöbəsinə köçürülüb.
Hazırda stasionarda körpənin müayinə və müalicələri davam etdirilir, vəziyyəti stabildir".
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində körpənin üç gün evdə tək qalması ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ana sözügedən kənddə mənzillərin birində kirayə qalır, çətin xasiyyətli biridir.
Kənddə yerləşən kafelərin birində işləyən qadın hər gün səhər saat 11-12 radələrində işə gedir və övladını evdə tək qoyur. Gecə isə gec saatlarda evə gəlir.
Bildirilir ki, qadın körpəni ev sahibinin ümidinə qoyub gedir, o isə uşağa daim nəzarət edə bilmir.
Aygün Mirakif
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş evdə tək qalan körpə oğlan uşağı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən evlərin birində valideyni tərəfindən tənha buraxılan körpə barədə məlumat daxil olub.
"Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelərin birində çalışan uşağın anası ilə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib", - məlumatda bildirilib.
Evdə üç gün tək qalan yaşyarımlıq körpə sağ qalıb.
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, üç gün evdə tək qalan körpə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, körpənin anası Göygöl rayonundandır və Tovuz rayonunda kirayədə qalıb.
Körpə də kirayədə olan mənzildə tapılıb.
Faktla bağlı araşdırma başlanılıb
"körpə" teqi üzrə xəbərlər
- Türkiyədə zibil konteynerində ölü tapılan körpənin qatili 7 il sonra üzə çıxdı: Anadan etiraf
- Əfqanıstanda maraqlı hadisə: İki aylıq körpə qarnında doğulmamış əkizini gəzdirib
- Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi
- Uşaq yeməyi nə zaman ana südündən üstündür? - Pediatrdan açıqlama
- Rusiyada qəribə hadisə: Üzərində üst paltarı olmayan körpə sürünərək maşın yoluna çıxdı