"Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir".
Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Rəqəmsal İnkişaf Şurasının ilk iclasında deyib.
Prezidentin bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edildiyini xatırladan Ş.Mövsümov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatlar hazırlanır.
O, vurğulayıb ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
Prezidentin köməkçisi islahatların əhatə etdiyi sahələri belə sadalayıb:
- Hüquqi müəyyənliyin təmini;
- Rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması;
- İnnovasiyaların maliyyələşdirilməsi;
- Elmi-tədqiqat və innovasiya təşviqləri;
- İstedadların cəlb edilməsi;
- Bazara çıxış imkanlarının genişləndirilməsi;
- Kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsi.
Şahmar Mövsümov bu islahatların dünya təcrübəsinə əsaslandığını və dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini xüsusi vurğulayıb.