Media Reyestrinə daxil edilmiş, ictimai-siyasi, eləcə də idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri və ictimai-siyasi qəzetlər üçün müsabiqə elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurası (MEDİA) məlumat yayıb.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə şuraya təqdim edilməlidir.
Müsabiqədə iştirak etmək istəyən media subyektlərinin heyətində ən azı bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla, ümumilikdə azı dörd nəfər olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları və onlayn media subyektləri ilə şura arasında maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır.
Bu müddət ərzində müvafiq dörd əməkdaşın hər birinin aylıq əməkhaqqı minimum 800 (səkkiz yüz) manat təşkil etməlidir.
Şura tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına dəstək məqsədilə aylıq 5000 (beş min) manat, qəzetlərin eyniadlı veb-saytlarına isə aylıq 3000 manat məbləğində maliyyə yardımı göstərilir. Veb-saytın əsaslı yenilənməsi nəzərdə tutulduğu halda, ilk ay üçün maliyyə yardımı 5000 manat təşkil edir.
Qeyd edək ki, müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.