ABŞ-nin birinci xanımı Melaniya Tramp, həyat yoldaşı Donald Trampın sözügedən media orqanlarının Ağ Evdə fəaliyyətinə qoyduğu qadağaya baxmayaraq, CNN və "Politico" müxbirlərinə BMT Baş Assambleyası çərçivəsində baş tutacaq tədbirdə iştirak etməyə icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Birinci xanımın ofisi uşaqların rifahını təhsil və texnologiyalar vasitəsilə dəstəkləməyi hədəfləyən "Fostering the Future Together" ("Gələcəyi birlikdə formalaşdırmaq") beynəlxalq təşəbbüsünün genişləndirilməsinə həsr olunmuş tədbir üçün CNN və "Politico" nümayəndələrinin akkreditasiyasını rəsmi şəkildə təsdiqləyib.
CNN-nin akkreditasiyası sentyabrın 20-də axşam saatlarında - prezidentin bu media qurumunun girişinə qoyduğu qadağanın qüvvəyə minməsindən bir gün sonra təsdiq edilib.
Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, Melaniya Tramp prezidentin sözügedən nəşrlərin girişini məhdudlaşdırmaq qərarından xəbərdar olub və onun ofisi öz tədbirlərinə jurnalistlərə akkreditasiya verib-verməmək barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malik idi.
Nəşrin həmsöhbəti həmçinin vurğulayıb ki, o, Ağ Evdə daha az olur, məhdud sayda məsləhətçiyə malikdir və əsas diqqətini şəxsi təşəbbüslərinə yönəldib.
Sentyabrın 18-də Tramp CNN, MSNBC və "Politico"nu "saxta xəbərlər" yaymaqda ittiham edərək, bu nəşrlərin müxbirlərini Ağ Evdə görmək istəmədiyini bildirmişdi. ABŞ prezidenti həmçinin digər kütləvi informasiya vasitələrinə qarşı da analoji məhdudiyyətlərin tətbiq oluna biləcəyini istisna etməyib.
CNN administrasiyanın bu addımını jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə adlandırıb, MS NOW və "Politico" isə konstitusion hüquqlarını qorumaq və Ağ Evin fəaliyyətini işıqlandırmağa davam etmək niyyətində olduqlarını bəyan ediblər.
Bundan əlavə, sentyabrın 21-də ABŞ-ın aparıcı telekanalları CNN, MSNBC və "Politico" müxbirlərinin Ağ Evə girişinə qoyulan qadağa səbəbindən Donald Trampın fəaliyyətinin birgə işıqlandırılmasını dayandırmaq barədə razılığa gəliblər.
Buna qədər Tramp dəfələrlə bəzi telekanal və verilişləri tənqid edərək, ona və ya administrasiyasına qarşı tənqidi xarakter daşıdığını düşündüyü materiallara görə onların yayımının dayandırılmasına çağırış edib. O həmçinin xəbər və əyləncə proqramlarını tənqid etdikdən sonra ABŞ Federal Rabitə Komissiyasını yayımçıların lisenziyalarını ləğv etməyə səsləyib.