“Mən qardaşıma xəsarət yetirməmişəm, özümü müdafiə etmişəm”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakının Xətai rayonu, Babək küçəsi 90 ünvanında yaşayan 1980-cı il təvəllüdlü Abbasov Rasim Front oğlu deyib.
Onun sözlərinə görə, bəzi media orqanlarında qardaşı ilə aralarında yaşanan ailə münaqişəsi yanlış şəkildə şərh edilib:
“Hadisə heç də saytlarda dərc edildiyi kimi baş verməyib. Mənimlə böyük qardaşım 1976-cı il təvəllüdlü Abbasov Rəsul Front oğlu arasında ailə münaqişəsi zəminində problem yaşanıb. Qardaşım ruhi xəstədir və dəfələrlə xəstəxanada müalicə alıb. Təəssüf ki, bu, yaşadığımız ilk belə problem deyil. Həmin gün qardaşım anama və atama hücum çəkirdi, mən isə onları müdafiə etməyə çalışırdım. Bu zaman qardaşım bıçaq götürərək, mənim üzərimə gəldi. Özümü müdafiə etmək üçün onun üzərinə stəkan tulladım. Stəkan baş nahiyəsindən dəydi və yüngül xəsarət aldı. Ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə gedərək məndən şikayət ərizəsi yazdı. Bəzi media orqanları iki qardaş arasında dava, qardaş qardaşı tava ilə vurdu kimi məlumatlar paylaşıb, bunlar həqiqəti əks etdirmir”.
Könül Cəfərli
10.20
Bakının Xətai rayonunda ailədaxili münaqişə zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Babək küçəsi, 4 ünvanında baş verib.
1972-ci il təvəllüdlü Abbasov Rəsul Front oğlu evdə iki qardaşı ilə əlbəyaxa dava edib. Dava zamanı qardaşlardan biri onun baş nahiyəsinə tava ilə zərbə vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.