Biləsuvarda parklanma qaydalarını pozan sürücülər cərimələnib.
Biləsuvar Rayon Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub.
Həm piyadaların həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati protokollar tərtib edilib. Eyni zamanda aşkarlanan digər qayda pozuntuları ilə bağlı da qanunamüvafiq tədbirlər görülüb. Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədini daşıyan bu kimi tədbirlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.
Eləcə də, Qaxda yol polisinin keçirdiyi reyddə 15 sürücü cərimələnib. Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,yol polisi əməkdaşları şəhərin müxtəlif istiqamətlərində parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücülərini aşkarlayıblar.