Oxu.Az kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı millət vəkili Qənirə Paşayevanın müsahibəsini ixtisarla təqdim edir:
- Gündəlik qida rasionunuz nədən ibarətdir?
- Daha çox tərəvəzdən hazırlanan yeməklər yeyirəm. Və təbii ki, hər tərəvəzi zamanında yeməyə üstünlük verirəm.
- Siz bir neçə il əvvəl Somaliyə səfər etmişdiniz. Orda nə yeyirdiniz?
- Mən tək Somalidə yox, Ruandada, Sudanda və Keniyada olmuşam. Hətta Qəndəharda operatorla birgə, çöldə yatmışam. Əfqanıstanda iki gün quru peçenye yemişik. Mən bir gün ac da qala bilərəm. Yeməyə qarşı xüsusi tələbatım yoxdur. Ac olsan, quru çörək belə yeyə bilərəm. Ona görə də, dünyanın heç yerində yeməklə bağlı problemim olmur.
- Toylara münasibətiniz necədir?
- Çox pis. Biz bu gün toylarda israfçılığın son həddini edirik. Hər birimiz ağıllı və məntiqli şəkildə bilirik ki, maksimum 3 növ yemək yeyə bilərik. Amma neçə cür yemək veririk məclislərimizdə? Bugünkü toylar insanların cibini soyur. Vətəndaşımız 400-700 manat arası maaş alır, amma toya 50 manat pul atanda utanır. Toyda bir nəfər heç 30 manatlıqda yemək yemir. Burda toy edən də uduzur, toya gedən də. Yalnız şadlıq evinin sahibi bir nəfər üçün 10 manat pul xərcləyir və əvəzini 10 qat artıq götürür. Buna qarşı çıxmaq üçün inzibati yoldan əlavə, düşüncəmizi də dəyişmək lazımdır. Biz övladımızın toyunda yarışa girmişik. Bir insan övladının toyunda 3 növ yemək versə nə olar? Min cür salatları o toydan bu toya saxlayıb vətəndaşa verməyin nə adı var? Di gəl toy biznesi buna icazə vermir. Çünki bu qədər gəlirin əllərindən çıxmağını istəmirlər. Çox təəssüf ki, biz onların qurbanına çevrilmişik. Bu gün sorğu aparsaq görərik ki, 10 adamdan 8-i toylardan əziyyət çəkir. Mən toyda yarım saatdan artıq oturmuram. Çünki toyda söhbət edə bilmirəm. Toy zövq aldığımız bir yer olmalıdır.
- Siz dieta ilə xeyli çəki atdınız. Öncə nədən imtina etdiniz?
- Sadəcə həyatımı dəyişdim. Uşaqlıqdan gəncliyimə qədər çox arıq idim və idmanla məşğul olurdum. Böyük tennis və həndbolla məşğul idim. Həyatımın bir dövründə idmanla məşğul ola bilmədim və çəkim artdı. Səhərlər işə tələsdiyimdən yemək yemirdim, günorta yemirdim, axşamlar çox ac olurdum və xeyli yemək yeyirdim. Bu rejim məni kökəltdi. Film çəkilişləri ilə bağlı Amerikada bir müddət qalanda “fast fodd”la qidalandım. Çəkim getdikcə artdı və mən yeməkdən imtina etmək istədim. Bu mənə çox mənfi təsir elədi. Yemək yemədən dieta saxlayan gənc qızlara demək istəyirəm ki, bu fikirdən uzaq olsunlar. Dietanın ən yaxşı yolu idman və düzgün qidalanmadır.
Mən dieta saxlayan zaman axşam yeməyindən ağır yeməkləri çıxartdım və öz çəkimi normal hala saldım.