Quba rayonunun Qonaqkənd və İsnov kəndləri yaxınlığında meşəətrafı ərazilərdə baş verən yanğın söndürülüb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov məlumat verib.
A.Manafovun sözlərinə görə, meşəətrafı ərazidə baş verən yanğın İsnov kəndində yaşayış evlərinə qədər yaxınlaşsa da, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vaxtında müdaxiləsi ilə söndürülüb.
“Biz hazırda müvafiq qurumların nümayəndələri ilə birlikdə yanğın baş verən ərazidəyik. Əvvəlcə İsnov, sonra isə Qonaqkənd istiqamətində yanğın söndürüldü.
İndi FHN-in əməkdaşları yanğının yenidən alovlanmaması üçün tədbirlər görürlər. Kənd sakinlərinə və təsərrüfatlara ziyan dəyməyib” - deyə A.Manafov bildirib.
17.16
Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın FHN-in saytına istinadla verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.
16.34
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş verən yanğın barədə məlumat yayıb.
ETSN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.
Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.
Rəylər