Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qurumlar qışa hazırdırmı? - VİDEO
Soyuq aylarda əhalinin yaşayışına təsir edib narahatlıq yaradan məsələlərdən biri də işıq, qaz, su, istilik problemləridir.
Məsələ ilə bağlı Oxu.Az aidiyyəti qurumlardan vəziyyətin necə olacağı barədə xəbər alıb.
“Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, noyabrın 15-dən Bakıda mənzillər istilik sistemi ilə təmin ediləcək:
“Respublikanın dağ və dağətəyi rayonlarına isə noyabrın 1-dən istilik veriləcək. Qış mövsümündə problem yarada biləcək istilik xətləri yenisi ilə əvəzlənib. 3800 yaşayış binası, 285 məktəb, 155 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur”.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qışa hazırlığın yüksək səviyyədə getdiyini deyib:
“Yeni yarımstansiyalar tikilir. Bunların nəticəsində hər il enerji təchizatı daha keyfiyyətli və dayanıqlı olur. Əsas məqsədimiz tək qış ayları deyil, bütün aylarda normal elektrik enerjisi ilə əhalini təmin etməkdir”.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı qışa hazır olduqlarını bildirib:
“Kanalizasiya xətlərini, kanal kollektorlarını işlək vəziyyətə gətirmişik. Su təchizatı ilə bağlı heç bir problem yoxdur. Su kanalları, təmizləyici qurğular normal, istismara tam hazır vəziyyətdədir. Qış mövsümündə qurumun balansında olan boruların, xətlərin donvurma ilə bağlı heç bir problemi olmayacaq.
Çünki borular standartlara uyğun, torpağın altı ilə çəkilib. Keçən qış mövsümlərindən müşahidələr göstərir ki, donma halı baş verməyib. Ancaq insanların özlərinin çəkdiyi xətlərdə, həyət evlərində donma baş verir”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev qışa hazırlıq işlərinin davam etdirildiyini deyib. Onun sözlərinə görə, korroziyaya uğramış qaz xətləri yeniləri ilə əvəz olunub:
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən “ASAN Xidmət, “ASAN kommunal” Mərkəzlərində istehlakçılara göstərilən keyfiyyətin yüksəldilməsi məqsədilə işlərimiz davam etdirilir”.
Rəylər