"Su qıtlığının qarşısını almaq üçün mühüm addımlar atılır. Taxtakörpü su anbarını qeyd edə bilərik. Onun həcmi 268 milyon kubmetrdir. Bu, böyük yaşayış məntəqəsi olan Abşeron yarımadasının və Bakı şəhərinin əhalisinin dayanıqlı su ilə təmin olunması istiqamətində mühüm addım oldu".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.
O bildirib ki, iqlim dəyişiklikləri şəraitində əhali su qıtlığını o qədər də ciddi hiss etmədi:
"Düzdür, müəyyən çətinliklər hiss olundu. Xüsusilə yay dövründə fasilələr yarandı. Amma ümumilikdə Taxtakörpü su anbarı müəyyən tələbatı qarşıladı.
2020-ci illə müqayisədə bu il su anbarlarında toplanma göstəriciləri daha yaxşı oldu. Mən inanıram ki, növbəti illərdə də mövcud su anbarlarımız, yeni tikilənlər və gələcəkdə nəzərdə tutulan anbarlar bizə faydalı olacaq. Beləliklə, sudan səmərəli istifadə etməklə həm əhalinin, həm də iqtisadiyyatın digər sahələrinin su təminatında ciddi çətinliklər yaranmayacaq".
"Gələcəkdə sudan ödənişli istifadə mexanizmlərinin təkmilləşdirilməsi və tariflərin diferensiallaşdırılmasını planlaşdırırıq. Məqsəd aztəminatlı ailələr ilə sudan daha çox istifadə edən sahibkarlar arasında ədalətli bölgünü təmin etməkdir. Bu, tariflərin artırılması anlamına gəlmir, sadəcə, istifadəçilər üzrə fərqləndirmənin aparılmasına çalışırıq. Tariflərin artırılması barədə qərar vermək isə yalnız müvafiq qurumların səlahiyyətindədir və yaxın gələcəkdə bu istiqamətdə hər hansı addım atılması nəzərdə tutulmur", - R.Aslanov deyib.
O qeyd edib ki, Sumqayıtçaya axıdılan çirkli suyun qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hüquqi şəxs kimi külli miqdarda cərimə müəyyənləşdiriblər:
"Eyni zamanda vaxt vermişik ki, qısa müddətdə çirkab sularının təmizlənib normaya uyğun çaya atılması təmin edilsin. İnanıram ki, çayı çirkləndirən qurum yaxın vaxtlarda təmizləyici qurğu üçün tender elan edəcək və yeni çirkab su təmizləyici qurğunun tikintisi üçün onlar tərəfindən işlər həyata keçiriləcək.
Məqsədimiz təkcə cərimələmək deyil, əhalini maarifləndirmək və su obyektlərinin çirkləndirilməsinin qarşısını almaqdır".
Məhərrəm Əliyev