Mayın 24-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon polis orqanlarında xidmətə qəbulla bağlı vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
DİN Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 450 nəfər iştirak edib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb. Onların arasından daha hazırlıqlı olan 45 nəfər polisin və Daxili Qoşunların sıralarında xidmətə, 165 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.