Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 7 rayonda əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti göstərəcək.
ƏƏSMN-dən Oxu.Az-a verilən məlumata əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada cari il dekabrın 17-də Ucar və Bərdə, dekabrın 18-də Tərtər, Ağcabədi və Ağdam, dekabrın 19-da isə Beyləqan və Füzuli rayonlarının əlilliyi olan sakinlərini səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edəcək.
Bu rayonlarda yaşayan və dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. olan ehtiyacları aradan qaldırılacaq.
Son bir ildə ƏƏSMN tərəfindən Azərbaycanın bölgələrində yaşayan 1000 nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib.