"Azərbaycanın yanaşması uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslanır".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Kritik xammal materialları və qlobal iqtisadi təhlükəsizlik" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və strateji inkişaf sənədlərində ölkəmizdə bu sahədə dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modellərinin yaradılması, təbii ehtiyatların dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb edilməsi də hədəflənib:
"Ölkəmiz bu hədəflərin icrası üçün zəngin xammal bazasına malikdir. Belə ki, bu günə kimi həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1 000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb. Xüsusilə Azərbaycanın Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrində müəyyən edilmiş metal filizi yataqları kritik mineral xammal potensialının qiymətləndirilməsi üçün mühüm əsas yaradır. Filizçay, Xarxar, Göydağ və Dəmirli kimi yataqların müxtəlif öyrənilmə və işlənmə mərhələlərində olması hər bir layihəyə ayrıca elmi və iqtisadi yanaşma tələb edir".