Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını Rusiyadan deportasiya etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fontanka" nəşrinə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Polisin məlumatına görə, Sankt-Peterburqun 16 yaşlı sakininə hücumda iştirak edən şəxs ailəsi ilə birlikdə Azərbaycana deportasiya ediləcək.
Daha əvvəl, münaqişənin digər iştirakçısı olan 13 yaşlı azərbaycanlı yeniyetməyə qarşı da miqrasiya tədbirləri görülüb. Onu valideynləri, qardaşı və bacısı ilə birlikdə deportasiya etmək qərarına gəliblər.
Sankt-Peterburqun (Rusiya) Nevski rayonunda yeniyetmələr arasında virtual müstəvidə başlayan mübahisə ağır nəticələrə səbəb olub - azərbaycanlı 13 yaşlı yeniyetmə və onun ailəsi Rusiyadan deportasiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə sosial şəbəkələrdə baş verən sözlü mübahisədən sonra başlayıb. Yaralanan yeniyetmə haqqında polisə 30 iyun tarixində onu xəsarətlərlə xəstəxanaya çatdıran tibb müəssisəsinin əməkdaşları məlumat veriblər.
İstintaq zamanı məlum olub ki, Talmann küçəsində yaşayan yeniyetmə virtual mübahisə etdiyi şəxslə real görüş təyin edib. Lakin həmin görüşə 13 yaşlı azərbaycanlı tək yox, iki dostu ilə birlikdə gəlib. Hadisə zamanı 16 yaşlı Peterburq sakini döyülüb, şübhəlilər isə hadisə yerindən qaçıblar.
Hadisə ərazisindəki müşahidə kameralarının görüntüləri və şahidlərin ifadələri sayəsində hüquq-mühafizə orqanları insidentin əsas iştirakçısının şəxsiyyətini müəyyənləşdiriblər. O, atası ilə birlikdə polis bölməsinə gətirilib.
"Yeniyetmə miqrantın özünün, valideynlərinin, bacı və qardaşının Rusiya ərazisindən çıxarılması barədə miqrasiya tədbirləri görülüb. Onlar Azərbaycana deportasiya olunublar", - deyə hüququ-mühafizə orqanlarından bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Hadisə nəticəsində iki nəfər döyülərək öldürülüb, bir neçə nəfər saxlanılıb.