"Mayor Rəhim Hüseynov hər zaman xatirəmizdə yaşayacaq. Onun igidliyi, mərdliyi, qəhrəmanlığı heç vaxt unudulmayacaq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsi qazisi, mayor Rəhim Hüseynovun döyüş yoldaşı və artilleriya üzrə köməkçisi mayor Ruslan İsmayılov deyib.
O, sözlərinə belə davam edib:
"Rəhim Hüseynov NATO-ya bəyan olunmuş Azərbaycan Ordusunun Əməliyyat İmkanları Konsepsiyası taborunun komandiri olub. O, Qubadlı istiqamətində gedən döyüşlərdə körpü dağıldıqdan sonra mina ilə çirklənmiş ərazidə düşmənin güclü müqavimətinə baxmayaraq, şəxsi heyətin önündə gedərək döyüş tapşırığını yerinə yetirib. Həmin zaman düşmən snayperinin atəşi nəticəsində şəhid olub.
Xüsusi bir qeydi də deyim sizə. Rəhim Hüseynov NATO-nun yüksək şərəf ordeni ilə təltif olunan yeganə azərbaycanlıdır. Bu orden NATO-dan yüksəkvəzifəli generalın ölkəmizə səfəri zamanı, Baş Qərargah rəisinin iştirakı ilə keçirilən tədbirdə onun ailəsinə təqdim edilib.
Rəhim Hüseynov hər zaman şəxsi heyətinin qayğısına qalan, hərbi və mülki həyatda hər kəsə motivasiya verən, yüksəkrütbəli və peşəkar komandir idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Şəhid mayor Rəhim Hüseynovun Əfqanıstanda xidmət etdiyi müddətdə birgə xidmət etdiyi xorvatiyalı hərbçi Petar Mandaç da onu ziyarət etmək üçün Azərbaycana gəlib.
Petar Mandaç Oxu.Az-a açıqlamasında deyib:
"Biz 2019-cu ildə "Qətiyyətli Dəstək" missiyasında birgə xidmət etmişik. O, müstəsna insan, çox yaxşı komandir və başqalarını həvəsləndirən biri idi. Ölkəyə qayıtmazdan əvvəl nəsə baş verəcəyinə dair müəyyən hissləri vardı. Ancaq hər halda, çox qürurlu, sakit və təmkinli idi. Əmrləri yerinə yetirməyə, xüsusi tapşırıqları icra etməyə və onlara rəhbərlik etməyə hazır idi. Xatirəsi bizimlə yaşayacaq".