Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron rayonunun bəzi ərazilərində oktyabrın 30-da təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədilə Yasamal və Səbail Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərindəki bir sıra transformator məntəqələrində, Abşeronda isə elektrik yarımstansiyasında təmir işləri aparılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələrində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Səbail rayonunun Bayıl qəsəbəsində, Gülbala Əliyev küçəsində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Abşeron RETSİ-nin xidmət ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada da təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 16:00-dək 35/6 kV-luq "Pirəkəşkül", "Çaylı" və "Cəngi" yarımstansiyalarında, həmçinin "Pirəkəşkül" yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Nəticədə Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq elektrik enerjisiz qalacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.