"Hazırda Sabirabad rayonunda Kür çayının səviyyəsinin artması insanlarda təşviş doğurmamalıdır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov deyib.
O qeyd edib ki, hazırda vəziyyət tam nəzarət altındadır və ciddi narahatlığa əsas yoxdur:
"Hazırda təhlükəli vəziyyət yoxdur. Yalnız suyun səviyyəsi daha 3.5-4 metr artarsa, bəndin yarılması ilə bağlı təhlükə yarana bilər. Hər şey nəzarət altındadır. 2010-cu ildə Sabirabad daşqın fəlakətini yaşayıb, lakin indi, şükürlər olsun ki, elə bir hal yoxdur. Sakinləri narahat olmamağa çağırırıq".
Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.
Nəticədə Kür və Araz çaylarının qovuşduğu ərazi yaxınlığında çay öz məcrasından çıxaraq sahilboyu yerləşən Tuğay meşələri istiqamətində yayılmağa başlayıb.
Hadisənin baş verdiyi əraziyə yaxın zonada restoranların yerləşdiyi bildirilir. Hazırda suyun həmin istiqamətdə axını müşahidə olunur.
Sabirabad rayon fövqəladə hallar komissiyasından bildirilib ki, mövcud vəziyyət nəzarət altındadır. Qurumun açıqlamasına əsasən, çayın məcrasından çıxmasına baxmayaraq, hələlik ciddi təhlükə gözlənilmir. Belə ki, suyun səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıda qalır.
Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər davam etdirilir, vəziyyətin sabit saxlanılması üçün zəruri qabaqlayıcı tədbirlər görülür. Ehtiyac yaranacağı təqdirdə əlavə texnika və canlı qüvvənin cəlb olunacağı bildirilib.