May ayının 15-dən AR Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzi əhaliyə xidmətə başlayıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, “ASAN xidmət”in 4 saylı Mərkəzi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində (Sülh küçəsi, 8A ünvanında) yerləşir və Sabunçu, Xəzər və Pirallahı rayonlarında qeydiyyatda olan 408 min vətəndaşa xidməti nəzərdə tutur.
Sabunçuda “ASAN xidmət” mərkəzi istifadəyə verildikdən sonra Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılacaq və paytaxt sakinləri onlara yaxın olan hər hansı “ASAN xidmət” mərkəzinə müraciət edib xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, may ayının 7-də Mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Xatırladaq ki, 2012-ci ilin iyul ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyev AR Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeçiliyində “ASAN xidmət” mərkəzinin yaradılması barədə fərman imzalayıb.
Hal-hazırda Bakı sakinləri 10 dövlət orqanının “ASAN xidmət” mərkəzlərində təqdim edilən 30 hüquqi və 28 funksional yardımçı xidmətdən yararlana bilərlər.
Bakıdan başqa, Mərkəzlər Sumqayıt və Gəncədə şəhər əhalisindən başqa yaxınlıqda yerləşən rayonların da sakinlərinə xidmət göstərmək iqtidarındadır. Eləcə də xüsusi avtobuslarda quraşdırılmış səyyar mərkəzlər fəaliyyət göstərir.
“ASAN xidmət”in əsas məqsədi dövlət orqanları tərəfindən göstərilən xidmətlərin şəffaflığını və rahatlığını təmin etmək, bu sahədə müasir texnologiyaları və “vahid məkan” prinsipini tətbiq etmək, “dövlət qulluqçusunun vəzifəsi vətəndaş hüququnun təmin edilməsidir” kimi yeni yanaşmanın formalaşmasıdır.