"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Zəfərimiz əbədi olsun".
Bu sözləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kiçik çavuşu Hüseyn Tağıyevin anası Mətanət Məmmədova deyib.
O qeyd edib ki, oğlu 2020-ci il oktyabrın 5-də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub:
"Hüseyn vətənpərvər, bayrağını sevən, mərd insan idi. Şəhid olandan sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib".