İyunun 13-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
Son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümumən sosial sahəyə davamlı diqqət və qayğısı nəticəsində indiyədək 5 minə qədər əlil və şəhid ailəsi mənzillə, 4500-ə yaxın əlilliyi olan şəxs avtomobillə təmin edilib.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bunu mənzillərin təqdim olunması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.
Nazir mənzillə təminat sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib:
“Bu il aprelin 25-də Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evi əlil və şəhid ailələrinə təqdim edilib, bu gün isə Bərdədə mənzillər verilir. İlin sonunadək Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinin istifadəsinə verəcəyik.
Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya Proqramı üzrə ayrılmış müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələrdə yeni tikilmiş binalardan əlil və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə əlaqədar nazirliyimiz tərəfindən açıq tenderin keçirilməsinə başlanıb. Yəni bu sahədə də həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mühüm irəliləyişlərin təmin olunması nəzərdə tutulur”.
Əlil və şəhid ailələri Milli Qurtuluş Günü ərəfəsində mənzillə təmin olunmalarının onların bayram sevinclərini ikiqat artırdığını vurğulayaraq, sosial cəhətdən həssas əhali təbəqələrinin rifah halının yaxşılaşdırılmasına daim xüsusi diqqət və qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Gülnarə Zeynalova
www.oxu.az