Bu gün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərvanə Məmmədovanın vaxtsız vəfatından bir il ötür. Bir il bundan qabaq səhər saatlarında Pərvanənin qardaşı Rafiq Məmmədovun idarə etdiyi maşın Hövsan kanalına düşmüşdü. Qardaşı xilas ola bilsə də, bacısı hadisə yerində dünyasını dəyişmişdi.
Pərvanənin keçmiş həmkarı və yaxın rəfiqəsi, Oxu.Az-ın əməkdaşı Cəmilə Babayeva ona ölümündən sonra ikinci müraciətini yazıb.
“Sanki sənin ölüm xəbərin mənə indi çatıb. Amma artıq bir il ötür. Keçən ilin yanvarın 9-da sənin yol qəzası nəticəsində dünyanı dəyişmə xəbərini Facebook sosial şəbəkəsində gördüm. İnanmadım, bunun bir uğursuz zarafat olduğunu düşündüm və ya özümü əmin etməyə çalışdım ki, qəzaya sən yox, səninlə eyni ad və soyadı olan başqası düşüb. Qara xəbər isə yayılmaqda davam edirdi. Bu xəbərin jurnalist səhvi olmasına çox dua etdim. Hətta əllərim əsə-əsə sənə zəng vurdum. Səninlə danışıb bu xəbərin doğru olmadığını təsdiq etmək üçün... Səssizliyə düşsəm də, yenə inanmadım. Facebook-da isə sənin ölüm xəbərinin şokunu və böyük sarsıntısını yaşayan bütün dostların başsağlıqları yazmağa başladı...
Həmin gün həyatımda yaranan böyük boşluq sənsiz keçən bu bir il ərzində daima mənimlə oldu. Hansısa bir uğurum olanda səninlə elə bölüşmək istədim... Mənim uğurlarıma çox sevinərdin, hər zaman dəstək verərdin. Sənin haqqında keçmişdə yazmaq hələ də olduqca çətindir... Sənin şən səsini eşitmək üçün elə darıxıram. Facebook-da səninlə yazışmaları dəfələrlə təkrar oxuyuram. Sənin yoxluğunun ağırlığını nə qədər təsvir etməyə çalışsam da, əslində sözlər çox acizdir.
Bacın sənin Facebook səhifəni aktiv saxlayır. “Sənin” statuslarını bütün dostların kimi mən də böyük ürək ağrısı ilə oxuyuram... Daim nur saçdın, gəncliyinin ən parlaq illərində ömrün yarımçıq qaldı. Sanki pərvanə ömrü yaşadın. ..
Pərvanə, sən mənim üçün hər zaman yaşayacaqsan. Ürəyimdə səninlə tez-tez danışıram. Üzləşdiyim bütün hallarda, vacib qərar qəbul edəndə “Görəsən, Pərvanə mənə nə məsləhət edərdi?” sualını özümə dəfələrlə verdim. Həyatımda sənin yerin hər zaman boş qalacaq. Çünki sən əvəzedilməzsən...
Bu müraciətimi də sənin ölümündən sonrakı gün yazdığım birinci müraciətim kimi bitirirəm. Sevimli Pərvanə, çox sağ ol ki, mənim həyatımda oldun, amma çox təəssüf ki, bu qədər az.”
Allah rəhmət etsin! Pərvanənin ailə üzvlərinə və qohumlarına səbr diləyirik.