“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarında gecikmə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QSC-nin Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə qatarda yaranan texniki nasazlıq səbəbindən baş verməyib:
“Güclü küləyin əsməsi nəticəsində cərəyan qabuledici naqillərin zədələnməsi səbəbindən qatarların hərəkət qrafikində cüzi kənara çıxma halı ( 6-8 dəqiqə) qeydə alınıb”.
09:40
Bu gün səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.
Oxu.Az xəbər verir ki, saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec - saat 07:52-də yola düşüb.
Platformada olan sərnişinlərə buna səbəb kimi texniki nasazlıq göstərilib.
Bundan başqa, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspres qatarı saat 08:01-də yola çıxıb.
İlhamə Əbülfət