Hər tədris ili başlayanda ali və orta ixtisas məktəbinin tələbələri, xüsusən, təzə qəbul olunanlar Bakıda özlərinə yaşayış yeri tapmağın əziyyətinə qatlaşırlar. Əksər dövlət və özəl universitet və kolleclərin yataqxanaları yoxdur, bəziləri təyinatını dəyişib, bəzilərində köçkün ailələri məskunlaşıb, bəzilərində də yer tapılmır.
Bu və digər səbəblərdən hər ilin sentyabrında paytaxtda kirayə bumu yaşanır…
“Mən orda yaşaya bilmərəm”
III qrup ixtisası üzrə qəbul imtahanı verərək Azərbaycan Dillər Universitetinə daxil olan Ruslan Babayev deyir ki, yataqxanada yer tapa bilmir: “Unversitetə qəbul oldum, amma evdəkilərin hesabına kirayə qalacam. Çünki yataqxanada yer yoxdur. Kirayə ev təklif edənlər də tələbə olduğumu bilən kimi, qiyməti bahalaşdırırlar. 300 manatdan aşağı yaşayış üçün yararlı mənzil yoxdur. Bilmirən neyləyim”.
Aygün Əhmədli isə deyir ki, o və ailənin daha iki üzvü ali məktəbdə oxuyur, bir ailədən 3 uşağın kirayədə qalması isə çox çətindir. Kirayədə müəyyən şərait yaratmaq üçün xeyli pulun gedir: “Mən, bacım, qardaşım paytaxtda təhsil alacağımızı eşidəndə çox sevindik. Üçümüz Bakıda kirayə qalacığımız üçün böyük ev tutmağa məcburuq. Qiymətlər isə çox bahadır. Kirayə axtarakən şəraitsiz evlərə elə qiymət dedilər ki, şoka düşdük.
Kirayə üçün ev axtaranda elanda yazılan nömrəyə zəng vurdum. Ev “Elmlər Akademiyası” metrosunun yanında idi, qiyməti də 200 manat göstərilmişdi. Evə baxanda düşündüm ki, bu evi pulsuz da versələr yaşamaram. Çünki nə düz-əməlli pəncərəsi var idi, nə qapısı...”
Qiymət artımını ev kirayəsi ilə məşğul olan ofislər də təsdiqləyir. Bir neçə maklerlə əlaqə saxladıqda bildirdilər ki, indi kirayə bazarında qiymətlər yüksəkdir: “Bu il qiymətlərin artması şəhərimizdə çoxsaylı söküntü işləriylə əlaqədardır. Tələbə axını da qiymətlərə təsir göstərir, amma kirayə haqqı mövsümdən qabaq qalxıb. 2 il əvvəl 180-200 manata kirayə verdiyimiz evləri indi 250 manatdır”.
Vəziyyət daha pisdir
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı da kirayə evlərin bahalaşmasında hər iki amili vurğulayır: “Bir tərəfdən mövsüm amili var – tələbələr gəlir, yay istirahətindən sonra şəhərə axın güclənir. İkincisi, söküntü işləri vəziyyəti birbaşa və dolayısı ilə mürəkkəbləşdirib. Təkcə "Sovetski" kimi tanınan yaşayış massivində yüzlərlə ev var idi ki, onların da 70 faizi tələbələrə kirayəyə verilirdi. İndi həmin kirayə mənzilləri əvəzləyəcək evlər yoxdur. Buna bənzər bir çox yaşayış massivləri də söküntüyə məruz qalır.
Fikrimcə, hökumət Azərbaycanda sosial kirayə və sosial mənzil fondunun yaradılması istiqamətində işlər görməli, sahibkarları bu işə cəlb etməli və bu sahədə müəyyən yeniliklər həyata keçirməlidir. Bu məqsədlə paytaxtda yataqxana tipli yaşayış obyektlərinin tikintisinə başlamaq olar”.
Ramil Osmanlı hesab edir ki, hazırda kirayə bazarında mənzillərin qiymətində 30 faizə yaxın artım var: “Bakı tünlük şəhərdir, bura gələnlərin sayı arta-arat gedir. Paytaxt isə necə deyərlər, hamını qəbul edib yerləşdirməyə hazır deyil. Artıq tələbələr mərkəzdə yox, ətraf kəndlərdə ev axtarmağa başlayıblar. Bu gün yüzlərlə tələbə evsizlik ucbatında təhsil almaqda çətinlik çəkir".
1000 manat
Ramil Osmanlının fikrincə, yalnız tələbələr deyil, əcnəbilərin də kirayə bazarına təsiri var: “Araşdırmalarımıza görə, Bakının mərkəzində kirayə ev istəyən əcnəbilər ən azı ayda 1000 manat verməyə hazır olsunlar. Orta qiymət 1146 manatdır. Ən ucuz qiymət Sabunçu, Suraxanı, Xəzər və Qaradağ rayonlarında təklif edilir - ortalama 274 manat.
Şəhər mərkəzinə daha yaxın 2-ci və 3-cü ərazilərdə orta qiymət təxminən 740 manatdır. İmkanı olan insanlara təklif edirəm ki, onlar bu məsələ ətrafında düşünsünlər. Onların torpaq sahələri varsa, birmərtəbəli, ikimərtəbəli yaşayış yeri yox, kirayə üçün yaşamağa yararlı olan 1 və 2 otaqdan ibarət kiçik ölçülü mənzillər tikintisinə üstünlük versinlər”.
İri yataqxanalar tikib…
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu il kirayə ev bazarındakı vəziyyət daha kritik həddə çatıb, bu problemin dövlət səviyyəsində həllinə ciddi ehtiyac var: “Dövlət tələbələr üçün iri yataqxanalar tikib, ucuz qiymətə təkliflər versə, fərdi ev sahibləri qiymətləri aşağı salmağa məcbur olacaqlar. Xarici ölkələrdə sahibkarlar yalnız kirayə vermək üçün binalar tikdirir, kirayənişinlə münasibətləri rəsmi müqavilə əsasında tənzimləyirlər. Bizdə isə bu proses çox bəsitdir.
Kirayə verənlər müəyyən əlavə gəlir əldə etmək istəyən sadə insanlardır, onların biznes maraqları olmadığından bazar da inkişaf etmir. Kirayə haqlarının orta hesabla 570 manat olduğunu nəzərə alsaq, bu bazarda milyonlarla manat vəsaitin dövr etdiyini söyləmək olar.
Azərbaycana il ərzində 2 milyon 400 minə yaxın xarici vətəndaş gəlir. Əgər əvvəllər gələnlərin əksəriyyəti otellərdə qalırdısa, indi uzun müddətə Bakıya səfər edən əcnəbilərin bir qismi kirayə evlərə üz tutur ki, bu da bahalaşmaya təsir edir”.
Mənbə: Teleqraf.com