“Azərsu” ASC Böyük Britaniyanın “The Daily Mail” nəşrinin Azərbaycan əhalisinə verilən suyun insan sağlamlığı üçün təhlükəli olması barədə yaydığı xəbərə münasibət bildirib.
Oxu.Az “Azərsu” ASC-nin yaydığı açıqlamaya istinadən xəbər verir ki, açıqlamada deyilir:
“İlk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır. Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və “Azərsu” ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla, Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur.
Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Bu gün paytaxt Bakı da daxil olmaqla, əksər şəhərlərdə insanlar krandan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər”.
10:54
Britaniyalılar kran suyunun təhlükəli olduğu ölkələrin siyahısını tərtib ediblər.
Oxu.Az xəbər verir ki, Britaniyanın “The Daily Mail” nəşri turistlər üçün kran suyunun içməli olduğu ölkələrin xəritəsini tərtib edib.
Bu nöqteyi-nəzərdən Avropa ölkələri daha təhlükəsizdir, amma heç də hamısı yox. Məsələn, Sloveniyada rahatlıqla kran suyunu içmək olar, amma qonşu Xorvatiyada bunu etmək lazım deyil.
Baltikyanı ölkələrdə də vəziyyət dəyişkəndir – daha çox təhlükəsiz olanlar Finlandiya və Latviyadır, Estoniya və Litva isə təhlükəlidir.
Təhlükəli olan ölkələr sırasına Moldova, Belarus, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan və Qazaxıstan, həmçinin Bolqarıstan, Monte-Neqro, Kipr və bir sıra ölkələr daxildir.
