Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) yaradılmasının 10 illiyinə həsr olunmuş onlayn iclas keçirilib.
İclası giriş sözü ilə açan İdarənin rəisi Fuad Süleymanov slayd vasitəsilə tədbir iştirakçılarına TTSİ-nin 10 illik fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkədə yüksək peşəkar milli kadrların hazırlanması ilə əlaqədar SOCAR prezidenti Rövnəq Abdullayevin 30 iyun 2011-ci il tarixli əmri ilə Şirkətin birbaşa nəzdində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi yaradılıb. TTSİ-nin fəaliyyətinin əsasını təlim-tədris prosesində, həmçinin sertifikatlaşdırma sistemində yeniliklərin Şirkətin müəssisələrində, eləcə də Azərbaycanın digər sənaye müəssisələrində tətbiq olunması təşkil edir. İdarə ayrı-ayrı peşələr üzrə yeni kadrların hazırlanması ilə yanaşı, 2-ci peşəyə yiyələnmə, yenidən hazırlanma, təlimatlandırma, maarifləndirmə və ixtisasartırma kurslarını da təşkil edir.
2011-ci ildə bir təlim mərkəzi ilə fəaliyyətə başlayan İdarənin hazırda beş təlim mərkəzi və 1 qaynaq mərkəzi ilə kadr hazırlığı işini uğurla həyata keçirdiyini qeyd edən F.Süleymanov on illik fəaliyyət barədə məlumatları statistik rəqəmlərlə diqqətə çatdırıb. Bildirib ki, neft-qaz və neft-kimya sənayesində kadr potensialının möhkəmləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərən İdarənin təlim mərkəzlərində bu günədək 117153 nəfər dinləyici kurslarda iştirak etmişdir. “Yeni fəhlə kadrlarının hazırlanması” proqramını başa vurmuş şagirdlərin sayı 2570 nəfər, kurslarda iştirak etmiş kənar müəssisələr və fiziki şəxslər üzrə dinləyicilərin sayı 14873 nəfər təşkil edir.
TTSİ tərəfindən beynəlxalq standartların SOCAR-ın müvafiq strukturlarında çalışan kadrlara öyrədilməsi və İSO idarəetmə sistemlərinin müəssisələrdə qurulması və tətbiqi istiqamətində işlər görülür. Hazırkı dövrədək İdarə tərəfindən SOCAR-ın 10-dan artıq müəssisəsinin sertifikatlaşdırılmasına metodiki dəstək göstərilmişdir.
Əldə edilən nailiyyətlərdə SOCAR rəhbərliyinin daim göstərdiyi diqqət və qayğının əhəmiyyətini qeyd edən F.Süleymanov buna görə təşəkkürünü ifadə edib, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kollektivinin bundan sonra da üzərinə düşən vəzifəni layiqincə, dövrün tələblərinə uyğun həyata keçirməyə çalışacağını bildirib.
BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında TTSİ-nin yeni fəhlə kadrlarının hazırlanmasına verdiyi töhfələrdən söhbət açaraq “BP-Azərbaycan” şirkətinin SOCAR ilə təlim sahəsində əməkdaşlığına da toxunub. Qeyd edib ki, BP və onun tərəfdaşları tərəfindən Qobustan regional təlim mərkəzinə texnik hazırlanması üzrə sifariş verilmiş, peşə təhsilinə cəlb edilmiş 126 nəfər gənc kursları müvəffəqiyyətlə başa vuraraq müxtəlif ixtisaslara yiyələnmişdir. Tədris prosesi və istehsalat təcrübəsi dövründə mütəmadi olaraq təhsilin və təlimin keyfiyyəti yoxlanılmış, müsbət qiymətləndirilmişdir.
SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “Neftqaztikinti” Trestinin müdiri Qağaməli Seyfullayev, Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev, "Azərikimya" İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə, "Azneft" İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov, Geologiya və Geofizika İdarəsinin rəisi Elçin Şirinov, Ekologiya İdarəsinin rəisi Azər Əliyev, Karbamid zavodunun direktoru Xəyal Cəfərov, Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov, Təhlükəsizlik İdarəsinin rəisi Füzuli Hacıyev və İnsan resursları departamentinin rəisi Asif Bəkirli çıxış edərək Şirkət rəhbərliyinin peşəkar milli kadrların hazırlanmasına daim diqqətlə yanaşdığını bildirib, bu istiqamətdə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rolunu vurğulayıblar. Fəhlə kadrların hazırlanması işinin təkmilləşdirilməsinin, müasir tələblərə cavab verən təlimlərin keçirilməsinin TTSİ qarşısında duran əsas məqsədlərdən biri olduğunu qeyd edən natiqlər bu işlərin yerinə yetirilməsində İdarə kollektivinə uğurlar arzulayıblar.