Tovuzda hərbçilərimiz tərəfindən ələ keçirilən kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan müvafiq tibbi proseduradan keçirilib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Mamiko Xocayanın sağlamlıq durumunu müəyyənləşdirmək üçün hərtərəfli tibbi yoxlama keçirilib.
Xatırladaq ki, Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb.
Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.