Ötən il Bakının Yasamal rayonunda, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında üç nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi stomatoloji klinikanın yerində yeni klinikanın açılacağı iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə yanğında həyatını itirən Arzu Qəmbərlinin atası videomüraciət yayıb.
O iddia edib ki, yanğın hadisəsi ilə əlaqələndirilən "Loft Dent" stomatoloji klinikası hazırda fəaliyyət göstərməsə də, həmin ünvanda "Elmax Dent Clinic" adlı yeni stomatoloji klinikanın fəaliyyətə başlaması planlaşdırılır.
Şikayətçinin sözlərinə görə, sosial şəbəkələrdə həkim-stomatoloqlara yeni klinikada otaqlar sərfəli şərtlərlə təklif edilir. Özlərini klinikanın yeni sahibləri kimi təqdim edən şəxslər obyekti aldıqlarını bildirsələr də, sakinlərə indiyədək hər hansı alqı-satqı müqaviləsi təqdim edilməyib, sosial şəbəkələr vasitəsilə ünvanlanan suallar isə cavablandırılmır, əksinə sual verən şəxslər bloklanırlar.
Şikayətçinin diqqət çəkmək istədiyi digər məqam isə yeni klinikada baş həkim kimi fəaliyyət göstərməsi nəzərdə tutulan şəxsin vaxtilə "Loft Dent" klinikasında, hazırda sözügedən iş üzrə təqsirləndirilən və klinikanın keçmiş direktoru olmuş Bəhruz Paşayevin rəhbərliyi altında həkim-stomatoloq kimi çalışmasıdır.
"Bütün bunlar klinikanın həqiqətən başqa şəxslərə satılıb-satılmadığı, əvvəlki sahibləri ilə əlaqələrin davam edib-etmədiyi barədə ciddi suallar yaradır", - deyə şikayətçi bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən stomatoloji klinika haqqında daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar media sorğusuna aidiyyəti üzrə baxılıb və araşdırılıb.
"Müraciətin ətraflı araşdırılması məqsədilə vətəndaşla 20.10.2026-cı il tarixində, saat 13:29-da telefon əlaqəsi saxlanılıb və qeyd edilən klinikanın ünvanı dəqiqləşdirilib.
Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə, ev 19A (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç. 63A) ünvanında yerləşən "TAXES GROUP" MMC-yə məxsus özəl tibb müəssisəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya və əlavəsinə əsasən tibbi xidmətlərin (stomatologiya üzrə) göstərilməsi üçün icazəsi mövcuddur.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduğu halda aidiyyəti özəl müəssisəyə plandankənar yoxlamanın keçirilməsi üzrə qərar qəbul edilir. Odur ki, aidiyyəti müəssisədə göstərilən tibbi xidmətə dair təsdiqedici sənədlər (həkimin adı, soyadı, mümkün olduğu təqdirdə atasının adı, ödəniş qəbzi, həkim resepti, keçirilmiş prosedura dair sənədlər və s.) təqdim olunduqdan sonra müraciətdə qeyd edilən məsələnin ətraflı araşdırılması və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsi mümkün ola bilər", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, 21 noyabr 2025-cı ildə Yasamal rayonunun Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova həlak olub, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.