Bu gün Milli Məclisin iclasında yeni “Körpələr evlərinə, körpələr evi - uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib ki, layihə prezidentin imzası ilə daxil olub.
Cəmi 2 maddədən ibarət olan yeni qanun layihəsinə əsasən, körpələr evləri, körpələr evi - uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Layihə səsə qoyularaq qəbul olunub.
Ziyad Səmədzadə bildirib ki, ölkədəki 1-5 yaşlı uşaqların cəmi 15 faizi bağçalara gedir:
“Ölkədə ciddi bağça çatışmazlığı var. Bu dəyişiklik özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək. Hazırda ölkədə 40 özəl bağça var. Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Müzakirələrdə çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov uşaq bağçalarında olan vəziyyətlə bağlı narahatlığını bildirib.
S.Novruzov deyib ki, hətta rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır.
O qeyd edib ki, təhsil qanununa əsasən, uşaqlar orta məktəbə bağçadan gəlməlidirlər.
S.Novruzov özəl bağçaların çox baha olduğunu nəzərə çatdırıb:
“Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağı bağçaya qoymaq üçün yetərli olmaz. Elə bağçalar var ki, qiymətlər 700 manatdan 1000 manatadək dəyişir. Amma qanunda nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur”.