Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qarabağ əlilinə 100 min manat ödəniləcək
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib ki, Z.Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilir.
Z.Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək.
Qərarda deyilir ki Z.Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.
Bu gün Qarabağ qazilərinin nümayəndələrinin və H.Həsənovun AHİK-in sədri, millət vəkili S.Mehbalıyevlə görüşü olub.
Qeyd edək ki, özünü yandıran Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun müalicəsi ilə bağlı bütün məsələlər diqqət mərkəzində saxlanılır.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev bildirib ki, artıq xəstənin sidik ifrazı, böyrəklərinin funksiyası bərpa olunub.
Onun sözlərinə görə, xəstənin həyati göstərişləri tədricən yaxşıya doğru gedir və hazırda vəziyyəti stabildir:
“Lazımi tədbirlər görülür. Mərkəzə daxil olandan bir müddət sonra həyati göstərişləri - sidiyin ifrazı, ürək-qan damar sisteminin vəziyyəti, təzyiqi stabil vəziyyətə gətirilib”.
Zaur Həsənovun xaricə müalicəyə göndərilməsi barədə səslənən fikirlərə gəlincə, R.Nağıyev əlavə edib ki, bu, sonrakı mərhələdə məlum olacaq:
“Ölkə səhiyyəsində bütün imkanlar olandan sonra niyə xaricə xəstə göndərməliyik? Bütün avadanlıqlar, mütəxəssislərlə ona lazımi yardım göstərilir. Xüsusi hal olanda mütəxəssislər gətirə və ya xaricə göndərilə bilər. Amma hazırda ona zərurət yoxdur. Xəstənin vəziyyəti stabildir və hazırda bütün lazımi yardımlar göstərilir”.