Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Uşaqlar üçün ölümcül oyunlar: Pediatr çimməklə bağlı 10 əsas səhvi açıqladı
"Uşaqlar suda daha çox valideynlərin diqqətsizliyi səbəbindən ölürlər. Buna görə də övladlarla su hövzələrində və ətrafında davranışın bütün əsas qaydalarını mütləq danışmalıdır. Bu, uşağın yaşından asılı olmayaraq edilməlidir".
Oxu.Az-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı pulmonoloq, allerqoloq-immunoloq və pediatr Pavel Berejanski xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, hər hansı qaydanı izah edərkən uşağın dinlədiyinə əmin olmaq lazımdır.
"Maraqlı danışmaq lazımdır, çünki uşaqlar (və hətta yetkinlər) nəsihət dinləməyi sevmirlər. Söhbət 10 dəqiqədən çox çəkməməlidir. Uşaq məhz bu müddət ərzində sizi diqqətlə dinləyəcək", - deyə pediatr bildirir.
O, uşaqları üzməyə göndərərkən müzakirə edilməli olan 10 məsələni açıqlayıb. Həmin qaydaları təqdim edirik:
1. Yalnız icazə verilən yerlərdə çimmək olar. Əgər haradasa "Çimmək qadağandır" işarəsi varsa, deməli, olmaz.
2. Yalnız dərinlik, axın sürəti, dibin quruluşu və suyun temperaturunun məlum olduğu yoxlanılmış su hövzələrində çimmək olar. Yetkinlik yaşına çatmayan uşaqlar icazə verilən yeni su hövzələrində yalnız böyüklərlə çimə bilərlər.
3. Heç bir halda tanış olmayan yerlərdə suya baş vurmaq, hündürlükdən və qaçaraq suya tullanmaq olmaz. Təəssüf ki, çox vaxt belə baş vurmalar ("Bax, mən necə edə bilərəm") xəsarətlər və ölümlə nəticələnir: daşa dəyirlər, budağa ilişirlər, ayaqları, qolları sınır və s.
4. Bütün oyunlar suyun sinəyə qədər çatdığı dərinlikdə keçirilməlidir.
5. Yeniyetmələr çox vaxt nəyisə mərc gəlmələri və ya "qorxaq olma" iddiaları səbəbindən ölürlər. Xüsusilə sahildən uzaqda və ya sürətli axını olan çayda mərc gəlib suyun altında nəfəs saxlamaq olmaz.
6. Böyük uşaqlara mütləq izah edilməlidir ki, alkoqol və su bir-birinə uyğun gəlməyən şeylərdir. Məhz alkoqolun təsiri altında yeniyetmələr arasında boğulma və aspirasiya (suyun tənəffüs yollarına düşməsi) halları baş verir.
7. Son vaxtlar su idman növləri fəal şəkildə inkişaf edir. Hətta dayandıqları vəziyyətdə belə su nəqliyyat vasitələrinə yaxınlaşmaqdan çəkinmək lazımdır. Xüsusilə də motorlu nəqliyyat vasitələrinə - qayıqlara, hidrosikllərə, katamaranlara yaxınlaşmaq olmaz.
8. Dalğalar zamanı (dənizdə və ya gəmi keçdikdən sonra) boğulma riski həmişə daha yüksəkdir. Dalğa müvazinəti poza, daşlara və ya kollara çırpa bilər. Dənizdə həmçinin duzlu su ağıza düşə bilər, udulduqda ağızda quruluq yaradır və təkrar sürətli dalğa zamanı uşaqlar nəfəs almağa macal tapmırlar.
9. Əgər uşaq məktəbəqədər yaşdadırsa, ona izah etmək lazımdır ki, yerdən heç nə yemək olmaz: nə qum, nə çınqıl, nə də konfet.
10. Heç vaxt işarələrdən uzağa üzülməməlidir.
Rəylər